19 aprel 2025-ci il tarixində Avropa Şurasının Bakıdakı Ofisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində hüquqşünaslar üçün "Məişət zorakılığı qurbanlarının müdafiəsi: hüquqi və sosial aspektlər" mövzusunda interaktiv müzakirə təşkil edib.
Tədbirdə 25 hakim və vəkil qurbanların üzləşdiyi çətinliklərlə bağlı
qeyri-rəsmi fikir mübadiləsi üçün bir araya gəlib. İştirakçılar məişət
zorakılığının hüquqi və sosial ölçülərinə diqqət yetirməklə öz fikirlərini
bölüşüblər. Onlar məhkəmə icraatlarında psixoloji zorakılığın tanınması və
aşkarlanmasında hüquqşünasların həlledici rolunu vurğulayıblar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev
"Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tarixi
konteksti və konstitusion əsasları barədə çıxış edib. O, cari hüquqi və sosial
problemlərə toxunub, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent
hüququna istinad edərək, iddia edilən qadınlara qarşı zorakılıq və məişət
zorakılığı ilə bağlı səmərəli araşdırmanın vacibliyini qeyd edib.
Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov müxtəlif
təhsil pillələrində tələbələr arasında maarifləndirmə işlərinin aparılmasının
vacibliyini vurğulayıb. O, həmçinin qurbanlara ödənişsiz hüquqi yardım göstərilməsi
ilə bağlı son qanunvericilik dəyişikliklərində Vəkillər Kollegiyasının rolunu
qeyd edib.
İştirakçılar məişət zorakılığının kriminallaşdırılmasına və cəmiyyətin
bütün səviyyələrində sıfır dözümlülüyə çağırış ediblər. Onlar milli
qanunvericiliyin təkmilləşdirilməsi üçün davamlı əməkdaşlıq niyyəti ifadə ediblər.
Tədbir Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı İdarəçilik üçün Tərədaşlıq" proqramının tərkib hissəsi olan "Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" layihəsi çərçivəsində təşkil edilib.