100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə "Məişət zorakılığı qurbanlarının müdafiəsi: hüquqi və sosial aspektlər" mövzusunda interaktiv müzakirə təşkil edilib

01 May 2025    213 share share

19 aprel 2025-ci il tarixində Avropa Şurasının Bakıdakı Ofisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində hüquqşünaslar üçün "Məişət zorakılığı qurbanlarının müdafiəsi: hüquqi və sosial aspektlər" mövzusunda interaktiv müzakirə təşkil edib.

Tədbirdə 25 hakim və vəkil qurbanların üzləşdiyi çətinliklərlə bağlı qeyri-rəsmi fikir mübadiləsi üçün bir araya gəlib. İştirakçılar məişət zorakılığının hüquqi və sosial ölçülərinə diqqət yetirməklə öz fikirlərini bölüşüblər. Onlar məhkəmə icraatlarında psixoloji zorakılığın tanınması və aşkarlanmasında hüquqşünasların həlledici rolunu vurğulayıblar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tarixi konteksti və konstitusion əsasları barədə çıxış edib. O, cari hüquqi və sosial problemlərə toxunub, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququna istinad edərək, iddia edilən qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə bağlı səmərəli araşdırmanın vacibliyini qeyd edib.

Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov müxtəlif təhsil pillələrində tələbələr arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin qurbanlara ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı son qanunvericilik dəyişikliklərində Vəkillər Kollegiyasının rolunu qeyd edib.

İştirakçılar məişət zorakılığının kriminallaşdırılmasına və cəmiyyətin bütün səviyyələrində sıfır dözümlülüyə çağırış ediblər. Onlar milli qanunvericiliyin təkmilləşdirilməsi üçün davamlı əməkdaşlıq niyyəti ifadə ediblər.

Tədbir Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı İdarəçilik üçün Tərədaşlıq" proqramının tərkib hissəsi olan "Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" layihəsi çərçivəsində təşkil edilib.