“Konstitusiya və Suverenlik İli”, “İnsan Hüquqları Aylığı” və Milli
Qurtuluş Günü çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK)
tərəfindən aztəminatlı və həssas əhali qruplarına yönəlmiş sosial hüquqi
aksiyalar davam etdirilir.
Belə ki, iyunun 14-də Kollegiyanın və Şamaxı Rayon İcra Hakimiyyətinin
(RİH) birgə təşkilatçılığı ilə Şamaxı rayonunda vətəndaşlara pulsuz hüquqi
yardım göstərilib.
Aksiyanın əsas məqsədi regionlarda əhalinin hüquqi maarifləndirilməsi,
hüquq məsləhətlərinin əlçatanlığının artırılması və hüquqların müdafiəsinə dair
institusional dəstəyin gücləndirilməsi olub.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi
dairəsi üzrə nümayəndəliyinin inzibati binasında “Pro Bono” Vəkil Bürosunun təcrübəli
vəkilləri və sözügedən rayonda fərdi qaydada fəaliyyət göstərən Tural
Baloğlanov tərəfindən 20 sakinin hüquqi müraciətləri dinlənilib, fərdi qaydada
qəbul təşkil olunub.
Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri,
sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin
ediliblər.
Eyni zamanda vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi
yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar
verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim
olunub.
Pulsuz hüquqi yardım aksiyası çərçivəsində iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə VK və Şamaxı RİH rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.