100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Konstitusiya və Suverenlik İli" və “İnsan Hüquqları Aylığı” çərçivəsində Şamaxıda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

14 June 2025    152 share share

“Konstitusiya və Suverenlik İli”, “İnsan Hüquqları Aylığı” və Milli Qurtuluş Günü çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən aztəminatlı və həssas əhali qruplarına yönəlmiş sosial hüquqi aksiyalar davam etdirilir.

Belə ki, iyunun 14-də Kollegiyanın və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şamaxı rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Aksiyanın əsas məqsədi regionlarda əhalinin hüquqi maarifləndirilməsi, hüquq məsləhətlərinin əlçatanlığının artırılması və hüquqların müdafiəsinə dair institusional dəstəyin gücləndirilməsi olub.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında “Pro Bono” Vəkil Bürosunun təcrübəli vəkilləri və sözügedən rayonda fərdi qaydada fəaliyyət göstərən Tural Baloğlanov tərəfindən 20 sakinin hüquqi müraciətləri dinlənilib, fərdi qaydada qəbul təşkil olunub.

Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.

Eyni zamanda vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.

Pulsuz hüquqi yardım aksiyası çərçivəsində iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə VK və Şamaxı RİH rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.