Avqustun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində İtaliyanın Salerno Vəkillər Kollegiyasının sədri Alberto Toriellonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşü giriş
sözü ilə açan ARVK-nın sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar
Məmmədov, qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və iki
ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu ifadə edib.
O, çıxışında
Azərbaycanda vəkillik təsisatının gücləndirilməsi, beynəlxalq standartlara
uyğunlaşdırılması və fəaliyyətinin modernləşdirilməsi istiqamətində atılan
fundamental addımlar barədə danışıb. Sədr müavini Vəkillər Kollegiyasının beynəlxalq
əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini, son illərdə həm bir sıra
nüfuzlu beynəlxalq təşkilatlara üzv olunduğunu, həm də xarici ölkələrin vəkillər
qurumları ilə birbaşa əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Bununla yanaşı,
Kollegiyanın beynəlxalq tərəfdaşların tədbirlərinə fəal şəkildə iştirak
etdiyini və özünün də bu tipli tədbirləri yüksək səviyyədə təşkil etdiyi qeyd
edib.
Şahmar Məmmədov
yekunda aparılan islahatlar nəticəsində vəkilliyin nüfuzunun əhəmiyyətli dərəcədə
artdığını, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müsbət
dinamikaya nail olunduğunu və Kollegiyanın bu istiqamətdə fəaliyyətini daha da
genişləndirməkdə qərarlı olduğunu vurğulayıb.
Həmçinin
görüşdə ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə
ötən dövrlərdə görülən işlər, vəkilliyə diqqətin artırılması və bu sahədəki
islahatların nəticələri barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları
qonaqların nəzərinə çatdırıb.
Salerno Vəkillər
Kollegiyasının sədri Alberto Toriello görüşdən məmnunluğunu ifadə edib, Azərbaycanda
vəkillik institutunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini
söyləyib.
Görüşün
davamında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Sonda qonaqlar Mərkəzin inzibati binası ilə tanış olub, burada yaradılan iş şəraiti və Mərkəzin fəaliyyət istiqamətləri ilə əyani tanış olublar.