Avqustun 9-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Ailə hüququnun inkişafı: boşanma, qəyyumluq və aliment məsələləri" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məqamlara toxunub.
Qeyd olunub ki, ailə hüququnun inkişafı, xüsusilə boşanma, qəyyumluq və aliment
məsələlərinin müasir hüquqi yanaşmalarla tənzimlənməsi, ailə institutunun
qorunması və fərdi hüquqların müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri, Bakı Dövlət Universiteti
SABAH qruplarının müəllimi Könül Fərəcova ailə hüququnun hüquq sistemində rolu,
sahəni tənzimləyən qanunvericilik aktları, nikahın etibarsızlığının əsasları və
nəticələri, qəyyumluğun hüquqi əsasları, o cümlədən aliment məsələləri üzrə -
aliment tutulan gəlirlər, alimentin sabit məbləğinin müəyyən edilməsi və dəyişdirilməsi
kimi bir sıra mühüm məsələləri ətraflı izah edib.
Təlim interaktiv formada
davam edib və təlimçi mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz
təcrübəsini bölüşüb.
Sonda vəkillərin müvafiq sahədə
çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 49 üzvü iştirak edib.