100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə "Ailə hüququnun inkişafı: boşanma, qəyyumluq və aliment məsələləri" mövzusunda təlim keçirilib

11 August 2025    263 share share

Avqustun 9-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Ailə hüququnun inkişafı: boşanma, qəyyumluq və aliment məsələləri" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

 

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məqamlara toxunub. Qeyd olunub ki, ailə hüququnun inkişafı, xüsusilə boşanma, qəyyumluq və aliment məsələlərinin müasir hüquqi yanaşmalarla tənzimlənməsi, ailə institutunun qorunması və fərdi hüquqların müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri, Bakı Dövlət Universiteti SABAH qruplarının müəllimi Könül Fərəcova ailə hüququnun hüquq sistemində rolu, sahəni tənzimləyən qanunvericilik aktları, nikahın etibarsızlığının əsasları və nəticələri, qəyyumluğun hüquqi əsasları, o cümlədən aliment məsələləri üzrə - aliment tutulan gəlirlər, alimentin sabit məbləğinin müəyyən edilməsi və dəyişdirilməsi kimi bir sıra mühüm məsələləri ətraflı izah edib.

 

Təlim interaktiv formada davam edib və təlimçi mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.

 

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

 

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 49 üzvü iştirak edib.