Noyabrın 1-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Hüquqi şəxsin yenidən təşkili" mövzusunda əyani qaydada təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və layihənin gənc hüquqşünaslar üçün əhəmiyyətindən
danışıb. Qeyd olunub ki, gənc hüquqşünasların bilik və bacarıqlarının təkmilləşdirilməsi,
eləcə də hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsi Kollegiyanın əsas
prioritet istiqamətlərindən birini təşkil edir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr
edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, gənc hüquqşünaslar
jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.
Vəkillər Kollegiyasının
üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin rəhbəri
Nuridə İbrahimova çıxış edərək təlim mövzusunun hüquqi əhəmiyyəti ilə bağlı məsələləri
qeyd edib. Bildirilib ki, hüquqi şəxsin yenidən təşkili hüquqi, iqtisadi və
sosial baxımdan mühüm əhəmiyyət daşıyır, eyni zamanda sahibkarlıq subyektlərinin
çevik inkişafına və hüquqi münasibətlərin sabitliyinə xidmət edir.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, "Ekol" Vəkil Bürosunun vəkili, “Aztelekom” MMC-nin
Korporativ hüquqi tənzimlənmə şöbəsinin müdiri Aysel Şərifova hüquqi şəxsin
yenidən təşkili formaları, yenidən təşkilin hüquqi və iqtisadi əhəmiyyəti,
hüquqi şəxsin yenidən təşkili ilə bağlı prosedur tənzimləmələr barədə geniş məlumat
verib.
Sonda təlimçilər tərəfindən
mövzu üzrə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 37 nəfər iştirak edib.






