Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin Biznes müflisləşməsi indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinə əsasən, vəkillər üçün distant qaydada ixtisasartırma təlimləri keçirilib.
Belə ki, oktyabrın 27-də
“Müflisləşmə və iflas proseduru, Müflisləşmənin hüquqi əsasları və təcrübə”
mövzusunda distant qaydada keçirilən təlimdə Kollegiyanın üzvü, Ləğvetmə
Agentliyinin direktoru Vüsal Kazımzadə təlimçi qismində çıxış edib.
Təlimdə “Müflisləşmə və
iflas haqqında Qanun”un təhlili, müflisləşmə ilə bağlı müraciət hüququ,
sağlamlaşdırmanın mahiyyəti, müflisləşmənin əsas məqsədi, müflisedilmənin
anlayışı, hüquqi şəxsin özünü müflis elan etməsi, kreditorlar tərəfindən müəssisənin
müflis elan olunması, əmlak inzibatçısının gördüyü tədbirlər və digər məsələlər
geniş müzakirə edilib.
Oktyabrın 31-də
“İstehlakçıların müdafiəsi hüququ” mövzusunda distant qaydada keçirilən digər təlimdə
isə Kollegiyanın üzvü, Bakı Mühəndislik Universitetinin “Biznes hüququ” üzrə müəllimi
Bəhruz Orucov təlimçi qismində çıxış edib.
Təlimçi tərəfindən
istehlakçıların hüquqlarının müdafiəsinin əsasları, istehlakçıların
hüquqlarının qorunma sahələri, aldatma və yanlış təqdimat doktrinaları, aldatma
üsulları, qeyri-ədalətli müqavilə şərtlərinin nümunələri və digər əlaqəli məsələlər
təhlil olunub.
Oktyabrın 31-də keçirilmiş
digər bir distant təlimdə isə “Antiinhisar (Antirest) hüququ” mövzusunda
Kollegiyanın üzvü Fidan Rüstəmli təlimçi qismində çıxış edib.
Təlimdə antiinhisar
hüququnun tarixi, rəqabətin məhdudlaşdırılması, bazar subyektləri, rəqabət
orqanı, rəqabəti məhdudlaşdıran sazişlər, şəxslər qrupu, haqsız rəqabətin
formaları, iqtisadi təmərküzləşmələr və digər məsələlər ətrafında geniş müzakirələr
aparılıb.
Ümumilikdə 84 vəkilin iştirak etdiyi təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb.




