100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvlərinə növbəti ixtisasartırma təlimləri keçirilib

04 November 2025    1007 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin Biznes müflisləşməsi indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinə əsasən, vəkillər üçün distant qaydada ixtisasartırma təlimləri keçirilib.

Belə ki, oktyabrın 27-də “Müflisləşmə və iflas proseduru, Müflisləşmənin hüquqi əsasları və təcrübə” mövzusunda distant qaydada keçirilən təlimdə Kollegiyanın üzvü, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə təlimçi qismində çıxış edib.

Təlimdə “Müflisləşmə və iflas haqqında Qanun”un təhlili, müflisləşmə ilə bağlı müraciət hüququ, sağlamlaşdırmanın mahiyyəti, müflisləşmənin əsas məqsədi, müflisedilmənin anlayışı, hüquqi şəxsin özünü müflis elan etməsi, kreditorlar tərəfindən müəssisənin müflis elan olunması, əmlak inzibatçısının gördüyü tədbirlər və digər məsələlər geniş müzakirə edilib.

Oktyabrın 31-də “İstehlakçıların müdafiəsi hüququ” mövzusunda distant qaydada keçirilən digər təlimdə isə Kollegiyanın üzvü, Bakı Mühəndislik Universitetinin “Biznes hüququ” üzrə müəllimi Bəhruz Orucov təlimçi qismində çıxış edib.

Təlimçi tərəfindən istehlakçıların hüquqlarının müdafiəsinin əsasları, istehlakçıların hüquqlarının qorunma sahələri, aldatma və yanlış təqdimat doktrinaları, aldatma üsulları, qeyri-ədalətli müqavilə şərtlərinin nümunələri və digər əlaqəli məsələlər təhlil olunub.

Oktyabrın 31-də keçirilmiş digər bir distant təlimdə isə “Antiinhisar (Antirest) hüququ” mövzusunda Kollegiyanın üzvü Fidan Rüstəmli təlimçi qismində çıxış edib.

Təlimdə antiinhisar hüququnun tarixi, rəqabətin məhdudlaşdırılması, bazar subyektləri, rəqabət orqanı, rəqabəti məhdudlaşdıran sazişlər, şəxslər qrupu, haqsız rəqabətin formaları, iqtisadi təmərküzləşmələr və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Ümumilikdə 84 vəkilin iştirak etdiyi təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb.