2025-ci il noyabrın 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında Türkiyənin Eskişehir Barosunun rəhbəri Barış Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə
açan VK-nın sədri Anar Bağırov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə
arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin hüquq sahəsində də
getdikcə möhkəmləndiyini vurğulayıb.
Sədr son illər Kollegiyada
həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq
istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Anar Bağırov ötən il
Ankara şəhərində Türkiyə Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər
kollegiyalarının zirvə görüşünü xatırladaraq, həmin toplantıda imzalanan niyyət
bəyannaməsinin əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini qeyd edib. Sədr
yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin
yaradılacağına inamını ifadə edib.
Həmçinin sədr Azərbaycanda
vəkillik institutunun inkişaf tarixindən, Kollegiyanın maliyyə müstəqilliyi və
elektron idarəetmə sistemi barədə danışaraq vurğulayıb ki, bu gün dövlət tərəfindən
vəkilliyin inkişafına ardıcıl diqqət və qayğı göstərilir.
Öz növbəsində, Eskişehir
Barosunun rəhbəri Barış Günaydın səmimi qəbula görə təşəkkürünü bildirib, ilk rəsmi
görüşdən böyük məmnunluq duyduğunu qeyd edib. O, gələcəkdə iki qurum arasında təcrübə
mübadiləsinin aparılması, birgə təlim və seminarların təşkil edilməsinə ümid
etdiyini dilə gətirib.
Görüş zamanı Sumqayıt
Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi təklifi
irəli sürülüb. Sədr Anar Bağırov bu təşəbbüsü yüksək qiymətləndirərək qarşılıqlı
əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Sonda görüş iştirakçıları
arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə
olunub və xatirə hədiyyələri təqdim edilib.

