Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının kontitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl BDU kollektivi Fəxri xiyabanda
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə
gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.
Konfrans BDU-nun akt zalında davam edib. Əvvəlcə
Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Açılış mərasimində çıxış edən BDU rektoru Elçin
Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və
Suverenlik İli” elan edilib. Bu qərar müasir çağırışlar fonunda dövlətçiliyimizin
hüquqi əsaslarının yenidən qiymətləndirilməsi, suverenlik konsepsiyasının daha
dərindən öyrənilməsi üçün geniş imkanlar açır. Müstəqil Azərbaycanın
Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci
il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilib. Bu sənəd təkcə
hüquqi mətn deyil, həm də müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi
yolunda dönüş nöqtəsi olub.
Milli Məclis sədrinin müavini, BDU-nun Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov BDU-da “Konstitusiya və
Suverenlik İli”nə həsr olunmuş
konfransın keçirilməsinin Azərbaycanın son 30 il ərzində konstitusion inkişaf
yoluna nəzər salınması baxımından mühüm addım olduğunu bildirib. O qeyd edib
ki, Azərbaycanda dövlət hüququ anlayışı məhz 1993-cü ildə Ümummilli Liderin
hakimiyyət gəlməsindən sonra və ilk milli Konstitusiyanın qəbulu ilə bərqərar
olunmağa başlayıb.
Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə
bildirib ki, ölkəmizin suverenliyinin bərpasından sonra Azərbaycan
Konstitusiyasının normaları yeni məzmun kəsb etməyə başlayıb: “Konstitusiya
prinsipləri dövlət hakimiyyətinin legitim əsasları kimi çıxış edir. Azərbaycan
Konstitusiyası insan hüquq və azadlıqlarını, sosial ədalət prinsiplərini
qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına, milli dövlətçilik fəlsəfəsinə əsaslanır”.
Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım
Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək
iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Şahmar Məmmədov qeyd edib ki, müzakirə olunan mövzu
həm cəmiyyət üçün böyük əhəmiyyət daşıyır, həm də hüquqi islahatlar fonunda
xüsusi aktuallıq kəsb edir. Sədr müavini bildirib ki, Azərbaycanda müasir vəkillik
institutunun inkişafı, eləcə də məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin əsası
1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə qoyulub.
Sədr müavini vurğulayıb ki, Azərbaycan
Konstitusiyası insan hüquq və azadlıqlarının müdafiəsinə dair fundamental müddəaları
özündə ehtiva edir. Konstitusiyada dövlətin ali məqsədinin insan hüquq və
azadlıqlarının qorunması olduğu bəyan edilir ki, bu da vəkilliyin rolunu daha
da gücləndirir və onun ədalət mühakiməsində mühüm bir qol kimi əhəmiyyətini artırır.
Həmçinin Şahmar Məmmədov nəzərə çatdırıb ki, Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş 1995-ci il Konstitusiyasının
preambulasında dövlətin suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi
dövlət və vətəndaş cəmiyyətinin qurulması kimi ali məqsədlər təsbit edilib. Bu
gün böyük qürurla deyə bilərik ki, Konstitusiyanın hökmü ölkəmizin bütün bölgələrində
təmin olunub, Azərbaycan hüquqi dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini
tutub.
Eyni zamanda Şahmar Məmmədov “Konstitusiya və
Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyası tərəfindən hazırlanmış geniş
tədbirlər planı barədə məlumat verib. Sədr müavini qeyd edib ki, bu il
elmi-praktiki konfranslar, dəyirmi masalar, habelə ölkə üzrə pulsuz hüquqi
yardım aksiyaları təşkil edilib və hazırda da bu tədbirlər ardıcıl şəkildə həyata
keçirilir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov,
MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və
müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Tarix
fakültəsinin dekanı İbrahim Zeynalov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Məhkəmə-Hüquq
Şurasının Aparatının rəhbəri Kərəm Mansurov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin
rəisi Fazil Həsənəliyev, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Xəzər
Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışlarında konfansın Konstitusiya
quruculuğu və hüquq elminin inkişafına mühüm töhfə verəcəyini bildirib, tədbirin
işinə uğurlar arzulayıblar.
Konfrans bölmə iclasları ilə işini davam etdirir.
_(1).jpg)

_a80da969ad0d70bf4c078d7362ea8639.jpg)


