100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının sədr müavini BDU-da keçirilən respublika elmi konfransda çıxış edib

01 December 2025    717 share share

Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının kontitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Tədbirdən əvvəl BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.

Konfrans BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar müasir çağırışlar fonunda dövlətçiliyimizin hüquqi əsaslarının yenidən qiymətləndirilməsi, suverenlik konsepsiyasının daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır. Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilib. Bu sənəd təkcə hüquqi mətn deyil, həm də müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda dönüş nöqtəsi olub.

Milli Məclis sədrinin müavini, BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr  olunmuş konfransın keçirilməsinin Azərbaycanın son 30 il ərzində konstitusion inkişaf yoluna nəzər salınması baxımından mühüm addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət hüququ anlayışı məhz 1993-cü ildə Ümummilli Liderin hakimiyyət gəlməsindən sonra və ilk milli Konstitusiyanın qəbulu ilə bərqərar olunmağa başlayıb.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə bildirib ki, ölkəmizin suverenliyinin bərpasından sonra Azərbaycan Konstitusiyasının normaları yeni məzmun kəsb etməyə başlayıb: “Konstitusiya prinsipləri dövlət hakimiyyətinin legitim əsasları kimi çıxış edir. Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarını, sosial ədalət prinsiplərini qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına, milli dövlətçilik fəlsəfəsinə əsaslanır”.

Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Şahmar Məmmədov qeyd edib ki, müzakirə olunan mövzu həm cəmiyyət üçün böyük əhəmiyyət daşıyır, həm də hüquqi islahatlar fonunda xüsusi aktuallıq kəsb edir. Sədr müavini bildirib ki, Azərbaycanda müasir vəkillik institutunun inkişafı, eləcə də məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin əsası 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə qoyulub.

Sədr müavini vurğulayıb ki, Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının müdafiəsinə dair fundamental müddəaları özündə ehtiva edir. Konstitusiyada dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının qorunması olduğu bəyan edilir ki, bu da vəkilliyin rolunu daha da gücləndirir və onun ədalət mühakiməsində mühüm bir qol kimi əhəmiyyətini artırır.

Həmçinin Şahmar Məmmədov nəzərə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş 1995-ci il Konstitusiyasının preambulasında dövlətin suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması kimi ali məqsədlər təsbit edilib. Bu gün böyük qürurla deyə bilərik ki, Konstitusiyanın hökmü ölkəmizin bütün bölgələrində təmin olunub, Azərbaycan hüquqi dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Eyni zamanda Şahmar Məmmədov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyası tərəfindən hazırlanmış geniş tədbirlər planı barədə məlumat verib. Sədr müavini qeyd edib ki, bu il elmi-praktiki konfranslar, dəyirmi masalar, habelə ölkə üzrə pulsuz hüquqi yardım aksiyaları təşkil edilib və hazırda da bu tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Kərəm Mansurov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışlarında konfansın Konstitusiya quruculuğu və hüquq elminin inkişafına mühüm töhfə verəcəyini bildirib, tədbirin işinə uğurlar arzulayıblar.

Konfrans bölmə iclasları ilə işini davam etdirir.