Dekabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Narkotik vasitələrinin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə vəkilin praktiki vərdişləri” mövzusunda əyani qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd
olunub ki, narkotik cinayətləri üzrə peşəkar praktiki vərdişlər sübutların
qanuniliyini düzgün qiymətləndirməyə, prosessual pozuntuları vaxtında aşkar edərək
müdafiəni gücləndirməyə və təqsirləndirilən şəxsin fundamental hüquqlarını
effektiv şəkildə qorumağa imkan yaradır.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş
xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri
Azər Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi, sübutların qiymətləndirilməsi
və qəbulolunmazlığı, ekspertiza rəylərinin təhlili, qanunsuz axtarışların aşkar
edilməsi, o cümlədən insan hüquqları standartları, vəkilin etik davranışı,
praktik müdafiə vərdişləri, effektiv müdafiə üsulları və digər məsələlər barədə
ətraflı çıxış edib.
Təlimçi mövzu üzrə mövcud
məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz geniş təcrübəsini vəkillərlə
bölüşüb.
İnteraktiv formada davam
edən təlimin sonunda müxtəlif suallar müzakirə olunub.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 36 üzvü iştirak edib.




