Dekabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Narkotik vasitələrinin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə vəkilin praktiki vərdişləri” mövzusunda əyani qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, narkotik cinayətləri üzrə peşəkar praktiki vərdişlər sübutların qanuniliyini düzgün qiymətləndirməyə, prosessual pozuntuları vaxtında aşkar edərək müdafiəni gücləndirməyə və təqsirləndirilən şəxsin fundamental hüquqlarını effektiv şəkildə qorumağa imkan yaradır.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi, sübutların qiymətləndirilməsi və qəbulolunmazlığı, ekspertiza rəylərinin təhlili, qanunsuz axtarışların aşkar edilməsi, o cümlədən insan hüquqları standartları, vəkilin etik davranışı, praktik müdafiə vərdişləri, effektiv müdafiə üsulları və digər məsələlər barədə ətraflı çıxış edib.
Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz geniş təcrübəsini vəkillərlə bölüşüb.
İnteraktiv formada davam edən təlimin sonunda müxtəlif suallar müzakirə olunub.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 36 üzvü iştirak edib.




