Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir.
Forum Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi
haqqında" 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı
hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunur.
Tədbirin açılış mərasimində Prezident
Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin
birinci müavini Əli Hüseynli, AMEA-nın
prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının sədri Anar Bağırov, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət
və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi
uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Əliyevin Azərbaycan
Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks
etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli
forum iştirakçılarını salamlayıb. Bildirib ki, Prezident İlham Əliyevin
liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə
malikdir.
Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib.
Adil Kərimli çıxışının sonunda forum çərçivəsində mədəniyyət
və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı maraqlı müzakirələrin aparılacağına əminliyini
bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Vəkillər Kollegiyasının sədri
Anar Bağırov çıxışında iştirakçıların hər birini salamlayıb, forumun işinə
uğurlar arzulayıb, bunun müasir cəmiyyətin inkişafı və hüquqi-mədəni tarazlığın
qorunması baxımından əhəmiyyətli platforma olduğunu bildirib. Sədr diqqətə
çatdırıb ki, belə tədbirlər hüquq və mədəniyyət sahəsində fikir mübadiləsi
aparmaq və təcrübə paylaşmaq üçün əlverişli imkan yaradır.
Eyni zamanda Anar Bağırov bu mövzuda ilk tədbirin 10
dekabr - Dünya İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu
diqqətə çatdırıb.
Sonra forum öz işini panel müzakirələrlə davam
etdirib.
Qeyd edək ki, forumda Vəkillər Kollegiyasının 20-dən çox üzvü iştirak edir.






