Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir.
Forum Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında" 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunur.
Tədbirin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Bildirib ki, Prezident İlham Əliyevin liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir.
Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib.
Adil Kərimli çıxışının sonunda forum çərçivəsində mədəniyyət və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında iştirakçıların hər birini salamlayıb, forumun işinə uğurlar arzulayıb, bunun müasir cəmiyyətin inkişafı və hüquqi-mədəni tarazlığın qorunması baxımından əhəmiyyətli platforma olduğunu bildirib. Sədr diqqətə çatdırıb ki, belə tədbirlər hüquq və mədəniyyət sahəsində fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq üçün əlverişli imkan yaradır.
Eyni zamanda Anar Bağırov bu mövzuda ilk tədbirin 10 dekabr - Dünya İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
Sonra forum öz işini panel müzakirələrlə davam etdirib.
Qeyd edək ki, forumda Vəkillər Kollegiyasının 20-dən çox üzvü iştirak edir.






