Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.
VK-nın nümayəndə heyətinin tərkibində Kollegiyanın sədr
müavini Şahmar Məmmədov və VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri
Gözəl Hüseynzadə təmsil olunur.
Səfər
çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.
Görüş
zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri
xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi
istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Rumıniyanın
Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə
sistemində həyata keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat
verib, həmçinin Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq
sahəsində görülən işlər haqqında danışıb.
Kollegiyanın sədri Anar
Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək
Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb.
Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin
hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr
VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat
verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə
çatdırıb.
Anar
Bağırov Vəkillər Kollegiyasının tam müstəqil təsisat kimi fəaliyyət göstərdiyini
vurğulayaraq, Ədliyyə Nazirliyi ilə səmərəli və konstruktiv əməkdaşlıq çərçivəsində
həyata keçirilən tədbirlər haqqında danışıb. Sədr Ədliyyə Akademiyasında vəkilliyə
namizədlər üçün icbari təlim proqramlarının əhəmiyyətini, eləcə də vəkillər
üçün davamlı tədris kurslarının peşə hazırlığının artırılmasında mühüm rol
oynadığını xüsusi qeyd edib.
Eyni
zamanda Anar Bağırov Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, Kollegiyanın Şurada,
Hakimlərin Seçki Komitəsində, Məhkəmə Ekspertizası Şurasında, eləcə də Xüsusi
İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında uğurlu və fəal təmsilçiliyini
vurğulayıb. Bu istiqamətdə iştirakın məhkəmə-hüquq sisteminin inkişafına töhfə
verdiyi qeyd olunub.
Həmçinin
VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə ötən
dövrlərdə Kollegiyada qeyd olunan istiqamətlərdə görülən işlər, aparılan
islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin
əldə edilməsi barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları görüş
iştirakçılarının nəzərinə çatdırıb.
Görüş
zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Həmçinin səfər çərçivəsində
nümayəndə heyətinin Rumıniyada bir sıra qurumların və Rumıniya Vəkillər
Kollegiyasının rəhbərliyi ilə görüşlərinin keçirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın
genişləndirilməsi üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.


