Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edib.
Ziyarət
zamanı nümayəndə heyəti səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə
maraqlanıb.
Azərbaycanın
Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov nümayəndə heyətini
səmimiyyətlə salamlayaraq görüşdən məmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya
münasibətlərinin son illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
O, hüquq sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu
istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əlaqələrin genişləndirilməsinə
və zəruri dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Anar
Bağırov çıxış edərək dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib,
Rumıniyaya səfərin əsas məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi
olduğunu vurğulayıb.
Sədr Azərbaycanda
məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, vəkillik fəaliyyətinin
davamlı inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik
institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqil Azərbaycanın Konstitusiyasının məhz
Ulu Öndərin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət
quruculuğunda mühüm rolunu xüsusi qeyd edib.
Eyni
zamanda Anar Bağırov Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri
Qüdsi Osmanovun fəaliyyətinə toxunaraq, nümayəndə heyətinə göstərilən diqqət və
dəstəyə görə minnətdarlığını ifadə edib.
Görüş
zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Sonda Anar Bağırov səfirlik binasına Kollegiyanın rəsmi emblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya kitabını hədiyyə edib.


