Azərbaycan Dillər Universitetində (ADU) “Dünya və Azərbaycan ədəbiyyatlarında qadın taleyi” mövzusunda esse müsabiqəsinin nəticələrinin elan olunmasına həsr edilmiş tədbir keçirilib.
Tədbir Vəkil Günü peşə
bayramı ərəfəsində ADU-nun İxtisas ölkəsinin ədəbiyyatı kafedrası ilə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının birgə təşkilatçılığı
ilə təşkil olunub.
Təşəbbüs ədəbiyyat və
hüququ bir araya gətirməklə yanaşı, gənc nəslin qadın taleyinə, ədəbiyyatın
maarifləndirici gücünə və sosial məsuliyyətinə diqqət yetirməsini təşviq edib.
Tədbir iştirakçılar üçün yaradıcılıq, düşüncə və hisslərini ifadə etmək
baxımından ilhamverici platforma rolunu oynayıb.
Mərasim Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, akademik Muxtar İmanovun açılış nitqi ilə başlayıb.
Akademik çıxışında ədəbiyyatın cəmiyyətin mənəvi yaddaşındakı rolundan, qadın
taleyinin klassik və müasir ədəbiyyatda əks olunma formalarından bəhs edərək,
bu cür təşəbbüslərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət
daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən
Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova müsabiqəni yüksək qiymətləndirərək,
ədəbiyyat və hüququn kəsişməsində həyata keçirilən bu təşəbbüsün qadın
hüquqlarının təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib və layihənin
davamlı olacağına ümid etdiyini bildirib.
Tədbir çərçivəsində
müsabiqənin qalibləri elan olunub. Qaliblər seçdikləri mövzular ətrafında qısa
çıxışlar edərək, esse yazılarında qadın taleyinə yanaşmalarını və əsas
ideyalarını iştirakçılarla bölüşüblər.
Müsabiqənin nəticələrinə əsasən
I yerə IV kurs tələbələri Nəsirov Samir və Lütfi-İqlimi Firüzə, II yerə IV kurs
tələbələri Şahbazlı Şəhla və Şəkərəliyeva Gülnur, III yerə isə II kurs tələbələri
Zeynallı Gülnaz və Gerasimenko Ulyana layiq görülüblər.
Qaliblərə sertifikat və hədiyyələr,
bütün iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Eyni zamanda İxtisas ölkəsinin
ədəbiyyatı kafedrasının baş müəllimi Yaqut Qurbanovanın rəhbərliyi ilə
Filologiya fakültəsinin 445 saylı qrupunun tələbələri tərəfindən tədbir çərçivəsində
sərgi təşkil edilib. Qrup tələbələri dünya ədəbiyyatı nümunələrinin təhlilində
nümayiş etdirdikləri yüksək yaradıcılıq qabiliyyəti, orijinal düşüncə tərzi və
yaradıcı yanaşmalarına görə xüsusi olaraq təltif olunublar.
Tədbirdə çıxış edən
İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova
qarşıdan gələn Vəkil Günü münasibətilə vəkilləri təbrik edib, tələbələrə
motivasiyaedici fikirlər səsləndirib, həmçinin müsabiqəni qiymətləndirən
kafedranın müəllimləri və sahə üzrə ekspertlərdən ibarət münsiflər heyətinin
üzvlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, müsabiqə hər
il 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə 10
dekabr – Beynəlxalq İnsan Hüquqları Günü arasında keçirilən “Gender əsaslı
zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində elan olunmuşdu.
Müsabiqənin əsas məqsədi gender əsaslı və məişət zorakılığı mövzusunda ədəbiyyatın
maarifləndirici rolunu ön plana çıxarmaq, klassik və müasir ədəbiyyatda qadın
taleyinə yeni baxış formalaşdırmaq və tələbələrin yaradıcı yazı bacarıqlarını
inkişaf etdirmək olub.
Canlı müzakirələr, dərin təhlillər və yaradıcı yanaşmalarla yadda qalan tədbir universitet–hüquq–ədəbiyyat əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirilib.



