Azərbaycan Dillər Universitetində (ADU) “Dünya və Azərbaycan ədəbiyyatlarında qadın taleyi” mövzusunda esse müsabiqəsinin nəticələrinin elan olunmasına həsr edilmiş tədbir keçirilib.
Tədbir Vəkil Günü peşə bayramı ərəfəsində ADU-nun İxtisas ölkəsinin ədəbiyyatı kafedrası ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının birgə təşkilatçılığı ilə təşkil olunub.
Təşəbbüs ədəbiyyat və hüququ bir araya gətirməklə yanaşı, gənc nəslin qadın taleyinə, ədəbiyyatın maarifləndirici gücünə və sosial məsuliyyətinə diqqət yetirməsini təşviq edib. Tədbir iştirakçılar üçün yaradıcılıq, düşüncə və hisslərini ifadə etmək baxımından ilhamverici platforma rolunu oynayıb.
Mərasim Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun açılış nitqi ilə başlayıb. Akademik çıxışında ədəbiyyatın cəmiyyətin mənəvi yaddaşındakı rolundan, qadın taleyinin klassik və müasir ədəbiyyatda əks olunma formalarından bəhs edərək, bu cür təşəbbüslərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova müsabiqəni yüksək qiymətləndirərək, ədəbiyyat və hüququn kəsişməsində həyata keçirilən bu təşəbbüsün qadın hüquqlarının təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib və layihənin davamlı olacağına ümid etdiyini bildirib.
Tədbir çərçivəsində müsabiqənin qalibləri elan olunub. Qaliblər seçdikləri mövzular ətrafında qısa çıxışlar edərək, esse yazılarında qadın taleyinə yanaşmalarını və əsas ideyalarını iştirakçılarla bölüşüblər.
Müsabiqənin nəticələrinə əsasən I yerə IV kurs tələbələri Nəsirov Samir və Lütfi-İqlimi Firüzə, II yerə IV kurs tələbələri Şahbazlı Şəhla və Şəkərəliyeva Gülnur, III yerə isə II kurs tələbələri Zeynallı Gülnaz və Gerasimenko Ulyana layiq görülüblər.
Qaliblərə sertifikat və hədiyyələr, bütün iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Eyni zamanda İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının baş müəllimi Yaqut Qurbanovanın rəhbərliyi ilə Filologiya fakültəsinin 445 saylı qrupunun tələbələri tərəfindən tədbir çərçivəsində sərgi təşkil edilib. Qrup tələbələri dünya ədəbiyyatı nümunələrinin təhlilində nümayiş etdirdikləri yüksək yaradıcılıq qabiliyyəti, orijinal düşüncə tərzi və yaradıcı yanaşmalarına görə xüsusi olaraq təltif olunublar.
Tədbirdə çıxış edən İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova qarşıdan gələn Vəkil Günü münasibətilə vəkilləri təbrik edib, tələbələrə motivasiyaedici fikirlər səsləndirib, həmçinin müsabiqəni qiymətləndirən kafedranın müəllimləri və sahə üzrə ekspertlərdən ibarət münsiflər heyətinin üzvlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, müsabiqə hər il 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü arasında keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində elan olunmuşdu. Müsabiqənin əsas məqsədi gender əsaslı və məişət zorakılığı mövzusunda ədəbiyyatın maarifləndirici rolunu ön plana çıxarmaq, klassik və müasir ədəbiyyatda qadın taleyinə yeni baxış formalaşdırmaq və tələbələrin yaradıcı yazı bacarıqlarını inkişaf etdirmək olub.
Canlı müzakirələr, dərin təhlillər və yaradıcı yanaşmalarla yadda qalan tədbir universitet–hüquq–ədəbiyyat əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirilib.



