17 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq hüququ: Avropa Məhkəməsi Konvensiyasının 5-ci maddəsi kontekstində” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd
olunub ki, Avropa insan hüquqları sistemində azadlıq hüququnun məzmunu və təminat
mexanizmləri xüsusi normativ çərçivə ilə müəyyən edilir, bu çərçivə isə fərdin
fiziki azadlığını dövlət müdaxiləsindən qorumaqla yanaşı, hüquqi dövlət
anlayışının, qanunun aliliyinin və ədalətli məhkəmə təminatlarının həyata
keçirilməsinə xidmət edir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Ali Məhkəmənin sabiq hakimi, Hüquq və İnsan Haqları
İnstitutunun İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin
İbayev azadlıq və şəxsi toxunulmazlıq hüququnun beynəlxalq hüquqi mahiyyəti,
Avropa insan hüquqları sistemində azadlıq hüququnun normativ əsasları, azadlıq
hüququnun məhkəmə nəzarəti mexanizmləri, Avropa Məhkəməsinin presedent
hüququnda azadlıq hüququnun şərhi və digər məsələlər üzrə geniş çıxış edib.
Təlimçi mövcud təcrübəsini
vəkillərlə bölüşərək, mövzu üzrə müxtəlif sualları cavablandırıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 33 üzvü iştirak edib.





