17 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq hüququ: Avropa Məhkəməsi Konvensiyasının 5-ci maddəsi kontekstində” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, Avropa insan hüquqları sistemində azadlıq hüququnun məzmunu və təminat mexanizmləri xüsusi normativ çərçivə ilə müəyyən edilir, bu çərçivə isə fərdin fiziki azadlığını dövlət müdaxiləsindən qorumaqla yanaşı, hüquqi dövlət anlayışının, qanunun aliliyinin və ədalətli məhkəmə təminatlarının həyata keçirilməsinə xidmət edir.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Ali Məhkəmənin sabiq hakimi, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev azadlıq və şəxsi toxunulmazlıq hüququnun beynəlxalq hüquqi mahiyyəti, Avropa insan hüquqları sistemində azadlıq hüququnun normativ əsasları, azadlıq hüququnun məhkəmə nəzarəti mexanizmləri, Avropa Məhkəməsinin presedent hüququnda azadlıq hüququnun şərhi və digər məsələlər üzrə geniş çıxış edib.
Təlimçi mövcud təcrübəsini vəkillərlə bölüşərək, mövzu üzrə müxtəlif sualları cavablandırıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 33 üzvü iştirak edib.





