18–19 mart 2026-cı il tarixlərində Fransanın paytaxtı Paris şəhərində Avropa Vəkillər Kollegiyaları Federasiyası (FBE) tərəfindən “Qadın liderlər – hüquq, biznes və dövlət sektoru sammiti” mövzusunda qadın liderliyinə həsr olunan beynəlxalq tədbir keçirilib.
Hüquq, biznes və dövlət sektorunda fəaliyyət
göstərən qadın liderləri bir araya gətirən nüfuzlu sammitdə Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının və Qadın Vəkillər Alyansının üzvü Mehriban
Məmmədova iştirak edib. Həmçinin tədbirə müxtəlif ölkələri təmsil edən
hüquqşünaslar, vəkillər, hakimlər və beynəlxalq təşkilatların nümayəndələri
qatılıblar.
Sammitin əsas məqsədi qadın
hüquqşünaslar arasında beynəlxalq əməkdaşlığın təşviqi, şəbəkələşmə
imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin aparılması və gələcək
qadın liderlərin formalaşmasına dəstək göstərilməsi olub.
Açılış mərasimində Paris şəhərinin
meri Anne Hidalgo, FBE-nin prezidenti Michael Griem və Paris Vəkillər
Kollegiyasının rəhbəri Julie Couturier çıxış edərək qadınların hüquq sahəsində
artan rolunu, liderlik potensialını və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini
vurğulayıblar.
Konfrans çərçivəsində Mehriban Məmmədova beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirib, hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb.





