12 may 2026-cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin üzvləri ABŞ Ticarət Palatasının Hüquq və Komplayns Komitəsinin təşkilatçılığı ilə “Bizneslə əlaqəli mübahisələrin həlli və qarşısının alınması” mövzusunda keçirilən tədbirdə çıxış ediblər.
Tədbir çərçivəsində
biznes fəaliyyətindən irəli gələn mübahisələrin həlli, preventiv hüquqi
mexanizmlərin tətbiqi və komplayns alətlərinin korporativ idarəetmədə rolu ilə
bağlı müzakirələr aparılıb.
Paneldə Biznes
Hüququ Komitəsinin sədri Nazlı Əhmədova, Komitənin üzvləri Fuad Qəşəmov,
Dünyamin Novruzov və Allahverən Oruclu çıxış ediblər. Tədbir Biznes Hüququ
Komitəsinin üzvü Bahar Kavuzovanın moderatorluğu ilə keçirilib.
Müzakirələr
zamanı Azərbaycanda kommersiya və biznesyönümlü digər mübahisələrin həlli sahəsində
formalaşan hüquqi praktika, biznes subyektlərinin üzləşdiyi əsas hüquqi
çağırışlar, məhkəmə təcrübəsində aktual yanaşmalar, eləcə də komplayns
mexanizmlərinin hüquqi və əməliyyat risklərinin idarə edilməsində əhəmiyyəti ətrafında
fikir mübadiləsi aparılıb.
Çıxışlarda
biznes və hüquq ictimaiyyəti arasında institusional əməkdaşlığın gücləndirilməsinin,
mübahisələrin qarşısının alınmasına xidmət edən daxili idarəetmə və komplayns
mexanizmlərinin təkmilləşdirilməsinin, habelə daha sabit, şəffaf və
proqnozlaşdırılan hüquqi mühitin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Mərasim iştirakçıları bu kimi peşəkar platformaların hüquqi dialoqun inkişafına, biznes mühitində hüquqi maarifləndirmənin artırılmasına və qabaqlayıcı hüquqi yanaşmaların təşviqinə mühüm töhfə verdiyini qeyd ediblər.






