2026-cı il mayın 11-12-də Tailand Krallığının paytaxtı Banqkok şəhərində Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA) tərəfindən 6-cı İnsan Hüquqları Konfransı keçirilib.
Tədbirdə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) nümayəndə heyəti, VK-nın
üzvləri Aysel Məhərrəmova, Aydan Rəhimli və Esmira Tağıyeva iştirak ediblər.
Konfransın
əsas mövzusu dünyada insan hüquq və azadlıqlarına qarşı artan təhdidlər,
repressiya halları, iqlim dəyişikliyinin hüquqi nəticələri, süni intellekt
texnologiyalarının hüquq və ədalət sisteminə təsiri, eləcə də hüququn aliliyi
prinsiplərinin qorunması istiqamətində yaranan yeni çağırışlar olub.
Mərasimdə
müxtəlif ölkələrdən vəkillər, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri və
beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək aktual hüquqi məsələlər ətrafında
fikir mübadiləsi aparıblar.
Konfrans çərçivəsində
Kollegiyanın nümayəndə heyəti LAWASIA-nın prezidenti Yap Teong Liang ilə görüş
keçirib. Görüş zamanı VK-nın beynəlxalq əməkdaşlıq istiqamətində həyata
keçirdiyi fəaliyyət, xarici hüquq institutları ilə əlaqələrin genişləndirilməsi
və Bakıda beynəlxalq hüquq ictimaiyyətini bir araya gətirəcək peşəkar tədbirlərin
təşkili məsələləri müzakirə olunub.
Görüş
zamanı VK nümayəndə heyəti LAWASIA-nın prezidentini Azərbaycana, o cümlədən
Bakı şəhərinə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub və gələcək
əməkdaşlıq imkanları ilə bağlı ilkin müzakirələrə başlanacağı bildirilib.
Bundan
başqa, nümayəndə heyəti Nepal Vəkillər Assosiasiyasının rəhbərliyi ilə də görüş
keçirib. Görüşdə Bakıya rəsmi səfərin təşkili, peşəkar təcrübə mübadiləsi, birgə
təlim proqramlarının həyata keçirilməsi və hüquqi layihələrin icrası istiqamətində
əməkdaşlıq imkanları müzakirə olunub.
Konfransın
ilk günündə keçirilən əsas sessiyalarla yanaşı, insan hüquqları və məhkəmələr,
ekoloji hüquqlar, yerli xalqların hüquqları, süni intellektin hüququn aliliyinə
təsiri, transmilli hüquqi böhranlar və insan hüquqları institutlarının rolu
mövzularında paralel panel müzakirələri təşkil edilib.
Tədbirin
ikinci günü isə hüquq müdafiəçilərinin fəaliyyəti, müasir köləlik və insan ləyaqətinin
qorunması, iqlim dəyişikliyi və insan hüquqları, rəqəmsal dövrdə fundamental
hüquqların müdafiəsi, gender ədaləti, dayanıqlı maliyyə və məsuliyyətli biznes
kimi aktual məsələlər geniş şəkildə müzakirə olunub.
Konfrans çərçivəsində
aparılan müzakirələr vəkillərin insan hüquqlarının müdafiəsində rolunun gücləndirilməsi,
beynəlxalq hüquqi standartların tətbiqi, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi
və peşəkar əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət
daşıyıb.
Səfər müddətində VK nümayəndə heyəti bir sıra digər ölkələrin Vəkillər kollegiyalarının və hüquq təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq hüquqi təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və hüquq sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.






