2026-cı il iyunun 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyənin Qars Barosunun başqanı Necat Yağcın və Eskişehir Barosunun başqanı Barış Günaydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini
ehtiramla yad ediblər. Daha sonra Şəhidlər Xiyabanındakı "Əbədi məşəl"
kompleksi və Türk şəhidliyi ziyarət edilib.
Eyni zamanda nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib. Qonaqlara
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin
yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə
yaradılmış Zəfər parkı barədə məlumat verilib.
“Hilton” mehmanxanasında təşkil edilən görüşdə qonaqları səmimiyyətlə
salamlayan VK sədri Anar Bağırov Azərbaycan ilə Türkiyə arasında mövcud olan
qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illər daha da
möhkəmləndiyini bildirib.
Sədr qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi
dəyərlər hüquq institutları arasında münasibətlərin inkişafına da öz töhfəsini
verir. Dövlət başçıları tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində
ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu
əməkdaşlığın vəkillik institutları arasında münasibətlərə də müsbət təsir göstərdiyi
diqqətə çatdırılıb.
Son illər VK-da həyata keçirilən islahatlar, institusional inkişaf və
beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verən
Anar Bağırov Azərbaycanda vəkillik institutunun keçdiyi inkişaf yolundan,
Kollegiyanın fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkilindən,
maliyyə müstəqilliyinin təmin olunması və elektron xidmətlərin geniş tətbiqindən
bəhs edib. Sədr vurğulayıb ki, ölkədə vəkillik institutunun gücləndirilməsi
dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahəyə ölkə rəhbərliyi
tərəfindən ardıcıl diqqət və dəstək göstərilir.
Anar Bağırov çıxışında iki il əvvəl qardaş ölkənin paytaxtı Ankara şəhərində
Türkiyə Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə
təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər kollegiyalarının zirvə
görüşünü də xatırladıb. Sədr qeyd edib ki, həmin toplantı türk dövlətlərinin vəkillik
qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, sıx əməkdaşlığın genişləndirilməsi
və ortaq hüquqi platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət
daşıyır. Həmçinin Anar Bağırov türk dövlətlərinin vəkillik institutları
arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini söyləyərək, yaxın gələcəkdə
sözügedən ölkələrin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına və bu təşəbbüsün
hüquq sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəyinə əminliyini
ifadə edib.
Öz növbəsində, Eskişehir Barosunun başqanı Barış Günaydın səmimi qəbula və
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanla hüquq sahəsində
formalaşmış əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bir müddət əvvəl
ölkəmizə etdiyi səfəri məmnunluqla xatırladıb. Barış Günaydın Sumqayıt Regional
Vəkil Bürosunun vəkillərinin Eskişehirə səfərinin və həmin çərçivədə keçirilən
görüşlərin qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O,
hər iki qurum arasında qardaşlaşmış büro münasibətlərinin qurulmasına dair
protokolun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirərək, bu təşəbbüsün
peşəkar təcrübə mübadiləsinin genişlənməsinə, habelə vəkillər arasında əlaqələrin
möhkəmlənməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.
Qars Barosunun başqanı Necat Yağcın isə çıxışında ilk rəsmi görüşdən məmnunluğunu
ifadə edərək, Azərbaycan və Türkiyə vəkillik institutları arasında formalaşmış
dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin
vacibliyini qeyd edib. O, iki qardaş ölkənin hüquq ictimaiyyətləri arasında əlaqələrin
genişlənməsinin peşəkar fəaliyyətin təkmilləşdirilməsi və qarşılıqlı təcrübənin
zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Eyni zamanda
Necat Yağcın gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə, vəkillər
arasında peşəkar əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə tədbir və təlimlərin
keçirilməsinə ümid etdiyini bildirərək, bu istiqamətdə əməkdaşlığın hər iki
qurum üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı
maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində olub, “Ədalət” Vəkil Bürosu və Sumqayıt Regional Vəkil Bürosunu
ziyarət ediblər. Ziyarət zamanı onlar VK Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil
Bürosunun müdiri Muxtar Mustafayev və Sumqayıt Regional Vəkil Bürosunun müdiri
Anar Qasımlı ayrı-ayrılıqda rəhbərlik etdikləri qurumların fəaliyyəti, vətəndaşlara
göstərilən hüquqi yardım xidmətləri, eləcə də iş prinsipləri barədə ətraflı məlumatlandırılıblar.
Nümayəndə heyətləri bürolarda yaradılmış iş şəraiti ilə yaxından tanış olub, vəkillərlə
fikir mübadiləsi apararaq fəaliyyətin təşkili sahəsində təcrübə paylaşımında
iştirak ediblər.
Həmçinin görüşlərdə qarşılıqlı əməkdaşlıq imkanları və gələcək birgə təşəbbüslər
ətrafında da müzakirələr aparılıb.
Eyni zamanda qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində ucaldılmış abidəsini də ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiramla anıblar.































