4-5 iyun 2026-cı il tarixlərində İsveçrənin Sürix şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleyası tərəfindən təşkil olunan 17-ci İllik Biznes Hüquq Forumu keçirilib.
Dünyanın müxtəlif ölkələrindən vəkillərin və hüquqşünasların iştirak
etdiyi forumda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əfifə
Əsgərova Kazancı, Nərmin Süleymanlı, Gülay Səfərova və Xəyalə Cəfərova da təmsil
olunublar.
Forum çərçivəsində Vəkillər Kollegiyasının beynəlxalq əlaqələrinin daha
da genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Belə ki,
Kollegiyanın nümayəndələri İsveçrə Vəkillər Kollegiyasının sədri Georg Rauber,
eləcə də müxtəlif ölkələrin vəkillik qurumlarının təmsilçiləri ilə görüşərək
qarşılıqlı əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər
ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı Georg Rauber yaxın zamanda Azərbaycana səfər etməyi
planlaşdırdığını bildirərək ölkəmiz barədə xoş təəssüratlarını bölüşüb və Azərbaycan
Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını
ifadə edib.
Məlumat üçün qeyd edək ki, 1927-ci ildə yaradılmış və 110 ölkədən üzvü olan UIA peşəkar inkişafı asanlaşdıran, hüquqşünasların təhsil və şəbəkələşməsinə töhvə verən və qanunun aliliyini təşviq edən qlobal və multikultural təşkilatdır.





