18–21 iyun 2026-cı il tarixlərində İtaliyanın Turin şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə EYBA-nın yay konfransı və İllik Ümumi Yığıncaq keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (VK) üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri,
VK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov və VK-nın üzvi Sona
Səlimli-Ələsgərova iştirak ediblər.
Eyni zamanda konfransa Beynəlxalq Vəkillər
Assosiasiyasının (IBA) prezidenti Claudio Visco, Avropa Vəkillər Kollegiyaları
və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Roman Zavrsek, habelə müxtəlif
ölkələrin nüfuzlu universitetlərinin professorları, hüquq sahəsində tanınmış
alim və ekspertlər, İtaliyanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələri qatılaraq
aktual hüquqi mövzular üzrə təqdimatlar və müzakirələr aparıblar.
Konfransda mərasimin gündəliyinə uyğun olaraq süni
intellektin hüquq sahəsinə təsiri, rəqəmsal transformasiya, məlumatların
qorunması, rəqəmsal hüquqlar, hüquqi xidmətlərin gələcəyi, hüquqi etika, vəkillik
peşəsinin müasir çağırışları ilə bağlı panel müzakirələri və seminarlar təşkil
olunub.
Tədbir çərçivəsində Yunis Nəsibov və Sona
Səlimli-Ələsgərova təqdimatla çıxış edərək Azərbaycanın hüquq ictimaiyyəti, VK-nın
fəaliyyəti, ölkədə həyata keçirilən rəqəmsallaşma layihələri, elektron
xidmətlərin geniş tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları barədə
iştirakçılara ətraflı məlumat veriblər. Həmçinin təqdimatda EYBA-nın 2026-cı il
payız konfransının Bakı şəhərində keçiriləcəyi də diqqətə çatdırılıb və geniş
müzakirələr aparılıb.
Bundan başqa, EYBA-nın İllik Ümumi Yığıncağında
Assosiasiyanın fəaliyyəti, cari layihələri, gələcək inkişaf strategiyası və
beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, təşkilatın gələcək tədbirləri
və fəaliyyət istiqamətləri ilə bağlı qərarlar qəbul olunub.
Qeyd edək ki, EYBA-nın növbəti payız konfransı 8–11
oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək. “AI, Data and
Digital Rights: The Same Trend, Different Approaches” mövzusuna həsr olunacaq
konfransda Avropanın və dünyanın müxtəlif ölkələrindən yüzlərlə vəkil,
hüquqşünas, akademik, dövlət qurumlarının və beynəlxalq hüquq təşkilatlarının
nümayəndələrinin bir araya gətiriləcəyi gözlənilir.
EYBA-nın Bakı konfransının təşkilatçıları bütün iştirakçıları Azərbaycanın zəngin tarixi, qonaqpərvərliyi və müasir inkişafı ilə yaxından tanış olmağa dəvət edirlər.






