Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hikmət Babayev Belçikanın Antverpen Universitetində keçirilən Dünya Tibb Hüququ Assosiasiyasının 30-cu Konqresində iştirak edib.
Hikmət Babayev konqres
çərçivəsində iki mövzu üzrə məruzə ilə çıxış edib. O, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin müəllimi və tədqiqatçı alim kimi “İnsan
dölünün (embrionun) hüquqları”, vəkil və praktiki hüquqşünas kimi isə “Həkim səhvləri
və tibbi riskləri arasındakı sərhəd” mövzularında təqdimatlar edib.
Bundan əlavə, Hikmət
Babayev Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin
daimi üzvlüyünə qəbul edilib.
Qeyd edək ki, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü, tibb hüququ üzrə ekspert və alim
Hikmət Babayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və
kommersiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir. O, eyni zamanda
tibb hüququ sahəsində elmi və praktiki fəaliyyətlə məşğul olur və Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi yanında Antidopinq Apellyasiya Komitəsinin
üzvüdür.
Hikmət Babayevin tibb hüququ üzrə yerli və beynəlxalq jurnallarda 10-dan artıq elmi məqaləsi dərc olunub. Həmçinin müxtəlif beynəlxalq elmi konfranslarda tibb hüququnun aktual məsələlərinə dair məruzələrlə çıxış edib.


