Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 8–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransında (“EYBA Autumn Conference 2026”) yerli vəkil və hüquqşünasların iştirakı üçün qeydiyyat başlayıb.
Konfrans çərçivəsində Avropanın müxtəlif ölkələrindən
gənc vəkillər, hüquqşünaslar və hüquq sahəsinin digər nümayəndələri Bakıda bir
araya gələcəklər. Tədbirin əsas mövzularını süni intellekt, məlumatların
mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə müxtəlif
yanaşmalar təşkil edəcək. Həmçinin konfrans iştirakçılar arasında fikir və təcrübə
mübadiləsi, eləcə də beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi üçün imkan
yaradacaq.
Bildirmək istərdik ki, konfrans tamamilə ingilis
dilində keçiriləcək. İştirak ödənişlidir və qeydiyyatdan keçən şəxslərə iştirak
haqqı və ödəniş qaydası barədə məlumat elektron poçt vasitəsilə təqdim
olunacaq.
Yerli vəkil və hüquqşünasların qeydiyyatı üçün son
tarix 22 sentyabr 2026-cı ildir. Yerlərin sayı məhdud olduğundan qeydiyyat
mövcud yerlər nəzərə alınmaqla həyata keçiriləcək.
Konfransın yekununda iştirakçılara onlayn iştirak
sertifikatı təqdim olunacaq.
Xatırladaq ki, xarici iştirakçılar üçün qeydiyyat
daha əvvəl başlayıb və hazırda dünyanın müxtəlif ölkələrindən 70-dən çox vəkil
və hüquqşünas tədbirdə iştirakını təsdiqləyib.
Qeyd edək ki, EYBA təşkilatı Avropanın gənc vəkillərini
bir araya gətirən qeyri-kommersiya qurumudur. Assosiasiya 23 may 1993-cü ildə
Çex Respublikasının paytaxtı Praqa şəhərində yaradılıb və Avropanın müxtəlif
ölkələrində fəaliyyət göstərən gənc vəkillər və vəkil qurumları üçün vahid əməkdaşlıq
platforması kimi çıxış edir. Hazırda EYBA 200 mindən çox gənc vəkil və vəkil
qurumlarını təmsil edir.
Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərini gənc
vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların beynəlxalq əlaqələrinin
genişləndirilməsi, təlim və təcrübə mübadiləsinin təşkili, habelə demokratiya,
insan hüquqları, ədalət mühakiməsinə çıxış və qanunun aliliyi kimi fundamental
prinsiplərin təşviqi təşkil edir.
2018-ci ildən EYBA Avropa Şurasının Beynəlxalq
Qeyri-Hökumət Təşkilatlarının Konfransında iştirakçı statusuna malikdir.
Onu da bildirək ki, VK 29 aprel 2023-cü il tarixində
EYBA-ya üzv qəbul olunub.
Kollegiyanın EYBA ilə əməkdaşlığının daha da inkişaf
etdirilməsi çərçivəsində Bakıda keçiriləcək payız konfransı beynəlxalq peşəkar əlaqələrin
genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yerli hüquqşünasların
Avropa hüquq ictimaiyyəti ilə birbaşa əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətli
platforma olacaq.
Konfransla bağlı qeydiyyat:
