Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması və onların peşəkar inkişafının dəstəklənməsi məqsədi ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinə yenidən maddi dəstək göstərib.
Bu barədə qərar VK Rəyasət
Heyətinin 22 sentyabr 2026-cı il tarixində keçirilən iclasında qəbul edilib.
Belə ki, iclasda
Kollegiyaya ELSA Azərbaycan təşkilatı tərəfindən təşkil ediləcək “Avropa İnsan
Hüquqları Məhkəməsi Simulyasiyası”nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI
buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi ilə bağlı müraciətin daxil
olduğu bildirilib. Rəyasət Heyəti tərəfindən müraciət müzakirə edilib və ELSA
Azərbaycan təşkilatına 3 000 manat məbləğində maddi dəstək göstərilməsi qərara
alınıb.
Kollegiyanın Mətbuat
xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son iki il ərzində
ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin
Amerika Birləşmiş Ştatlarında keçirilən “Philip C. Jessup” Beynəlxalq Məhkəmə
Müsabiqəsində iştirakı, ELSA Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan
“Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası” və Milli Məhkəmə Müsabiqəsinin
keçirilməsi, eləcə də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və
hüquq fakültəsində yaradılacaq "Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi"nin
maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin göstərilməsi ilə
bağlı Kollegiyaya müraciətlər daxil olub.
Qeyd olunub ki, daxil
olan müraciətlər VK Rəyasət Heyətinin iclaslarında müzakirə edilərək, tələbələrin
sözügedən müsabiqələrdə iştirakının və bu istiqamətdə təşkil olunan tədbirlərin
dəstəklənməsi, habelə maddi-texniki bazasının formalaşdırılması ilə bağlı
müvafiq qərarlar qəbul edilib.
Mətbuat xidmətindən
verilən məlumata görə, son iki il ərzində (01.01.2025-22.09.2026) ADA
Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin,
həmçinin ELSA Azərbaycanın müraciətləri əsasında beynəlxalq və milli məhkəmə müsabiqələrində
iştirakın təmin edilməsi məqsədilə ümumilikdə 74 min 345,9 manat məbləğində
maliyyə dəstəyi ayrılıb.