100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası: Son 2 ildə hüquq tələbələrinin inkişafına 74 min manatdan artıq maliyyə dəstəyi göstərilib

23 September 2026    91 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması və onların peşəkar inkişafının dəstəklənməsi məqsədi ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinə yenidən maddi dəstək göstərib.

Bu barədə qərar VK Rəyasət Heyətinin 22 sentyabr 2026-cı il tarixində keçirilən iclasında qəbul edilib.

Belə ki, iclasda Kollegiyaya ELSA Azərbaycan təşkilatı tərəfindən təşkil ediləcək “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi ilə bağlı müraciətin daxil olduğu bildirilib. Rəyasət Heyəti tərəfindən müraciət müzakirə edilib və ELSA Azərbaycan təşkilatına 3 000 manat məbləğində maddi dəstək göstərilməsi qərara alınıb. 

Kollegiyanın Mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son iki il ərzində ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin Amerika Birləşmiş Ştatlarında keçirilən “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirakı, ELSA Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası” və Milli Məhkəmə Müsabiqəsinin keçirilməsi, eləcə də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılacaq "Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi"nin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Kollegiyaya müraciətlər daxil olub.

Qeyd olunub ki, daxil olan müraciətlər VK Rəyasət Heyətinin iclaslarında müzakirə edilərək, tələbələrin sözügedən müsabiqələrdə iştirakının və bu istiqamətdə təşkil olunan tədbirlərin dəstəklənməsi, habelə maddi-texniki bazasının formalaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Mətbuat xidmətindən verilən məlumata görə, son iki il ərzində (01.01.2025-22.09.2026) ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin, həmçinin ELSA Azərbaycanın müraciətləri əsasında beynəlxalq və milli məhkəmə müsabiqələrində iştirakın təmin edilməsi məqsədilə ümumilikdə 74 min 345,9 manat məbləğində maliyyə dəstəyi ayrılıb.