Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyünə 73 namizəd üçün 2026-cı il oktyabrın 5-də Ədliyyə Akademiyasında icbari təlimlər başlayıb.
Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin
sədri Anar Bağırov namizədləri təbrik edərək, bu mərhələnin onların peşəkar
formalaşmasında mühüm rol oynadığını bildirib.
Sədr qeyd edib ki, təlim proqramı nəzəri biliklərin
möhkəmləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi
məqsədi daşıyır.
Anar Bağırov vəkilliyə qəbul prosesinin şəffaf və
obyektiv prinsiplər əsasında təşkil edildiyini, yazılı və şifahi imtahan mərhələlərində
müvafiq nəzarət mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Təlim iştirakçılarının tərkibinə toxunan sədr diqqətə
çatdırıb ki, VK-dan 72, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından
isə 1 vəkilliyə namizəd iştirak edir. Bildirilib ki, iştirakçılardan 27-si
qadın, 46-sı kişidir. Namizədlərin 90 faizi, yəni 66 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu
da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim
iştirakçılarının 94 faizi (69 nəfər) paytaxtdan, 6 faizi (4 nəfər) isə
regionlardan müraciət edən şəxslərdir. Namizədlər arasında gənclərin və
qadınların əhəmiyyətli paya malik olduğunu bildirən Anar Bağırov bunun vəkillik
institutunun inkişafı və cavanlaşması baxımından müsbət göstərici olduğunu
deyib.
Eyni zamanda sədr son illərdə VK-da vəkillərin
sayının artdığını, institusional islahatların, beynəlxalq əməkdaşlığın və
elektron xidmətlərin genişləndirilməsinin davam etdirildiyini vurğulayıb. Həmçinin
dövlət hesabına hüquqi yardımın genişləndirilməsi, xüsusilə regionlarda hüquqi
xidmətlərin əlçatanlığının artırılması Kollegiyanın prioritet istiqamətlərindən
biri olduğu nəzərə çatdırılıb.
Anar Bağırov Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində
təşkil olunan təlimlərin vəkil və vəkilliyə namizədlərin peşə hazırlığının gücləndirilməsinə
xidmət etdiyini qeyd edib. Sədr təlimlərin təşkilinə göstərilən dəstəyə görə
Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə
edib.
Həmçinin Kollegiyanın maddi-texniki bazanın gücləndirilməsi
və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər barədə də
məlumat verilib.
Sədr vəkillərin peşə etikası qaydalarına ciddi riayət
etməsinin, keyfiyyətli hüquqi yardımı vicdanla və məsuliyyətlə göstərməsinin
vacibliyini vurğulayaraq, etik pozuntulara və vəkillik institutunun nüfuzuna xələl
gətirən davranışlara qarşı VK-nın prinsipial mövqe sərgilədiyini bildirib.
Anar Bağırov vəkillik institutunun inkişafı istiqamətində
həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə də danışaraq,
Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının,
eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və
sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatların həyata
keçirilməsinə zəmin yaratdığını vurğulayıb.
Açılış mərasimi Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda məruzəsi və ardınca keçirilən müzakirələr və sual-cavablarla davam edib.




