100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

05 October 2026    548 share share

Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyünə 73 namizəd üçün 2026-cı il oktyabrın 5-də Ədliyyə Akademiyasında icbari təlimlər başlayıb.  

Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri təbrik edərək, bu mərhələnin onların peşəkar formalaşmasında mühüm rol oynadığını bildirib.

Sədr qeyd edib ki, təlim proqramı nəzəri biliklərin möhkəmləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyır.  

Anar Bağırov vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv prinsiplər əsasında təşkil edildiyini, yazılı və şifahi imtahan mərhələlərində müvafiq nəzarət mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Təlim iştirakçılarının tərkibinə toxunan sədr diqqətə çatdırıb ki, VK-dan 72, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından isə 1 vəkilliyə namizəd iştirak edir. Bildirilib ki, iştirakçılardan 27-si qadın, 46-sı kişidir. Namizədlərin 90 faizi, yəni  66 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim iştirakçılarının 94 faizi (69 nəfər) paytaxtdan, 6 faizi (4 nəfər) isə regionlardan müraciət edən şəxslərdir. Namizədlər arasında gənclərin və qadınların əhəmiyyətli paya malik olduğunu bildirən Anar Bağırov bunun vəkillik institutunun inkişafı və cavanlaşması baxımından müsbət göstərici olduğunu deyib.

Eyni zamanda sədr son illərdə VK-da vəkillərin sayının artdığını, institusional islahatların, beynəlxalq əməkdaşlığın və elektron xidmətlərin genişləndirilməsinin davam etdirildiyini vurğulayıb. Həmçinin dövlət hesabına hüquqi yardımın genişləndirilməsi, xüsusilə regionlarda hüquqi xidmətlərin əlçatanlığının artırılması Kollegiyanın prioritet istiqamətlərindən biri olduğu nəzərə çatdırılıb.

Anar Bağırov Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin vəkil və vəkilliyə namizədlərin peşə hazırlığının gücləndirilməsinə xidmət etdiyini qeyd edib. Sədr təlimlərin təşkilinə göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib.

Həmçinin Kollegiyanın maddi-texniki bazanın gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.

Sədr vəkillərin peşə etikası qaydalarına ciddi riayət etməsinin, keyfiyyətli hüquqi yardımı vicdanla və məsuliyyətlə göstərməsinin vacibliyini vurğulayaraq, etik pozuntulara və vəkillik institutunun nüfuzuna xələl gətirən davranışlara qarşı VK-nın prinsipial mövqe sərgilədiyini bildirib.

Anar Bağırov vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə də danışaraq, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatların həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.

Açılış mərasimi Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda məruzəsi və ardınca keçirilən müzakirələr və sual-cavablarla davam edib.