Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzovun “Türk, Azərbaycan və Rus hüquqlarında ölümə bağlı sərəncamların etibarsızlığı” adlı monoqrafiyası Türkiyədə “Filiz Kitabevi” nəşriyyatında türk dilində çap olunub.
Kitab müəllifin İstanbul Universitetinin Sosial Elmlər
İnstitutunda xüsusi hüquq ixtisası üzrə müdafiə etdiyi doktorluq dissertasiyası
əsasında hazırlanıb. Dissertasiya 17 dekabr 2024-cü ildə müdafiə olunub və Dissertasiya
Şurası tərəfindən yekdilliklə qəbul edilib.
Monoqrafiyada Türkiyə, Azərbaycan və Rusiya hüquq
sistemlərində ölümə bağlı sərəncamların (vəsiyyətnamə və miras müqaviləsinin)
etibarsızlığı müqayisəli şəkildə təhlil edilib. Müəllif mövzunu üç ölkənin
qanunvericiliyi, məhkəmə təcrübəsi və hüquq doktrinası əsasında araşdırıb.
Bundan əlavə, tədqiqatda İsveçrə və Alman hüququna
dair məhkəmə təcrübəsindən və elmi ədəbiyyatdan da geniş istifadə olunub.
Kitab vərəsəlik hüququ ilə məşğul olan
hüquqşünaslar, tədqiqatçılar və Hüquq fakültələrinin tələbələri üçün nəzərdə
tutulur.
Qeyd edək ki, Dünyamin Novruzov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və 2012-ci ildən etibarən vəkillik fəaliyyəti ilə məşğuldur. O, 2017–2024-cü illərdə İstanbul Universitetində xüsusi hüquq üzrə doktorantura təhsili alıb. 2022-ci ildən ADA Universitetində mülki hüquq fənnini tədris edir.

