Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzovun “Türk, Azərbaycan və Rus hüquqlarında ölümə bağlı sərəncamların etibarsızlığı” adlı monoqrafiyası Türkiyədə “Filiz Kitabevi” nəşriyyatında türk dilində çap olunub.
Kitab müəllifin İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda xüsusi hüquq ixtisası üzrə müdafiə etdiyi doktorluq dissertasiyası əsasında hazırlanıb. Dissertasiya 17 dekabr 2024-cü ildə müdafiə olunub və Dissertasiya Şurası tərəfindən yekdilliklə qəbul edilib.
Monoqrafiyada Türkiyə, Azərbaycan və Rusiya hüquq sistemlərində ölümə bağlı sərəncamların (vəsiyyətnamə və miras müqaviləsinin) etibarsızlığı müqayisəli şəkildə təhlil edilib. Müəllif mövzunu üç ölkənin qanunvericiliyi, məhkəmə təcrübəsi və hüquq doktrinası əsasında araşdırıb.
Bundan əlavə, tədqiqatda İsveçrə və Alman hüququna dair məhkəmə təcrübəsindən və elmi ədəbiyyatdan da geniş istifadə olunub.
Kitab vərəsəlik hüququ ilə məşğul olan hüquqşünaslar, tədqiqatçılar və Hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulur.
Qeyd edək ki, Dünyamin Novruzov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və 2012-ci ildən etibarən vəkillik fəaliyyəti ilə məşğuldur. O, 2017–2024-cü illərdə İstanbul Universitetində xüsusi hüquq üzrə doktorantura təhsili alıb. 2022-ci ildən ADA Universitetində mülki hüquq fənnini tədris edir.

