2026-cı il noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirilib.
Kollegiyanın inzibati binasında təşkil olunan görüş
Azərbaycanın şanlı Zəfər tarixinin rəmzi olan 8 Noyabr – Zəfər Gününün altıncı
ildönümünə həsr edilib.
Görüşdə Anar Bağırov iştirakçıları qarşıdan gələn 8
Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya
Günü münasibətilə təbrik edərək, bu əlamətdar tarixlərin xalqımızın dövlətçilik
iradəsinin, milli birliyinin və müstəqillik əzminin təcəssümü olduğunu
vurğulayıb. Sədr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş
tarixi Qələbənin ölkəmizin müasir tarixində müstəsna yer tutduğunu qeyd edib.
Anar Bağırov bildirib ki, rəşadətli Azərbaycan
Ordusunun misilsiz şücaəti, hərbi qulluqçularımızın fədakarlığı və xalqımızın
sarsılmaz həmrəyliyi nəticəsində torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam
edən işğalından azad edilib. Bununla da Azərbaycanın ərazi bütövlüyünün və dövlət
suverenliyinin təmin olunması istiqamətində tarixi nailiyyət əldə edilib. Sədr
bu Qələbənin yalnız hərbi uğur deyil, eyni zamanda milli qürurumuzun,
birliyimizin və tarixi ədalətin təntənəsi olduğunu diqqətə çatdırıb.
Eyni zamanda Anar Bağırov 2023-cü il sentyabrın
19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin əhəmiyyətinə toxunaraq, həmin
tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa
olunduğunu ifadə edib. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa və quruculuq layihələrindən, müasir infrastrukturun
yaradılmasından, yeni yaşayış məntəqələrinin salınmasından və keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdış prosesindən danışıb.
Görüş zamanı Vətən müharibəsinin iştirakçıları da öz
döyüş xatirələrini bölüşərək, həmin dövrdə yaşadıqları təəssüratlardan
danışıblar. Onlar dövlət tərəfindən, eləcə də Vəkillər Kollegiyası Rəyasət Heyəti
tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
İştirakçılar işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Respublikasının üçrəngli
Dövlət Bayrağının dalğalanmasının hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət
mənbəyi olduğunu vurğulayıb, doğma yurdların yenidən qurulmasını və keçmiş məcburi
köçkünlərin öz evlərinə qayıtmasını Zəfərin davamı kimi səciyyələndiriblər.
Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən
görüşdə Vətən müharibəsi iştirakçılarının göstərdikləri qəhrəmanlığın və fədakarlığın
gələcək nəsillər üçün örnək olduğu bildirilib.
Qeyd edək ki, Vətən müharibəsində Kollegiyanın 14 üzvü iştirak edib. Müharibədə göstərdikləri xidmətlərə görə onların hər biri müxtəlif medallarla təltif olunub.


