100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirilib

06 November 2026    222 share share

2026-cı il noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirilib.

Kollegiyanın inzibati binasında təşkil olunan görüş Azərbaycanın şanlı Zəfər tarixinin rəmzi olan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr edilib.

Görüşdə Anar Bağırov iştirakçıları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edərək, bu əlamətdar tarixlərin xalqımızın dövlətçilik iradəsinin, milli birliyinin və müstəqillik əzminin təcəssümü olduğunu vurğulayıb. Sədr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin ölkəmizin müasir tarixində müstəsna yer tutduğunu qeyd edib.

Anar Bağırov bildirib ki, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti, hərbi qulluqçularımızın fədakarlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edilib. Bununla da Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması istiqamətində tarixi nailiyyət əldə edilib. Sədr bu Qələbənin yalnız hərbi uğur deyil, eyni zamanda milli qürurumuzun, birliyimizin və tarixi ədalətin təntənəsi olduğunu diqqətə çatdırıb. 

Eyni zamanda Anar Bağırov 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin əhəmiyyətinə toxunaraq, həmin tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa olunduğunu ifadə edib. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrindən, müasir infrastrukturun yaradılmasından, yeni yaşayış məntəqələrinin salınmasından və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesindən danışıb.

Görüş zamanı Vətən müharibəsinin iştirakçıları da öz döyüş xatirələrini bölüşərək, həmin dövrdə yaşadıqları təəssüratlardan danışıblar. Onlar dövlət tərəfindən, eləcə də Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. İştirakçılar işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının dalğalanmasının hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət mənbəyi olduğunu vurğulayıb, doğma yurdların yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını Zəfərin davamı kimi səciyyələndiriblər.

Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Vətən müharibəsi iştirakçılarının göstərdikləri qəhrəmanlığın və fədakarlığın gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Qeyd edək ki, Vətən müharibəsində Kollegiyanın 14 üzvü iştirak edib. Müharibədə göstərdikləri xidmətlərə görə onların hər biri müxtəlif medallarla təltif olunub.