2026-cı il noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirilib.
Kollegiyanın inzibati binasında təşkil edilən görüşdə
sədr vəkil köməkçilərini salamlayaraq onların vəkillik fəaliyyəti sahəsində
yeni mərhələyə qədəm qoymaları münasibətilə təbrik edib, qarşıdakı peşə fəaliyyətlərində
müvəffəqiyyətlər arzulayıb.
Anar Bağırov son illərdə vəkillik institutunun
inkişafı, fəaliyyətinin təkmilləşdirilməsi, institusional potensialının gücləndirilməsi
və müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində həyata
keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, hazırda Kollegiyanın
sıralarında 350-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir və onların bilik və
bacarıqlarının artırılması, peşəkar mühitə uyğunlaşması VK-nın diqqət mərkəzində
saxlanılır.
Sədr hüquqi dövlətin möhkəmləndirilməsi, qanunun
aliliyinin qorunması, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi
baxımından vəkillik institutunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu
istiqamətdə yalnız yüksək nəzəri biliklərə deyil, həm də praktiki təcrübəyə, məsuliyyət
hissinə və peşə etikası prinsiplərinə yiyələnmiş hüquqşünasların formalaşdırılmasının
vacibliyi diqqətə çatdırılıb.
Anar Bağırov vəkil köməkçisi fəaliyyətinin
hüquqşünasların gələcək peşəkar karyerasında mühüm təcrübə mərhələsi olduğunu
vurğulayıb. Qeyd edilib ki, bu müddət ərzində onların vəkilin gündəlik fəaliyyəti
ilə yaxından tanış olmaq, hüquqi sənədlərin hazırlanmasında iştirak etmək, məhkəmə
prosesləri və digər hüquqi prosedurlar barədə praktiki biliklər əldə etmək gənc
mütəxəssislərin peşəkar formalaşmasına əhəmiyyətli töhfə verir.
Sədr vəkil köməkçilərinə müraciət edərək seçdikləri
peşəyə məsuliyyətlə yanaşmağı, vəkillərin təcrübəsindən faydalanmağı, nəzəri
biliklərini praktiki fəaliyyətlə möhkəmləndirməyi və gələcəkdə yüksək peşəkar
keyfiyyətlərə malik vəkil kimi yetişmək üçün məqsədyönlü şəkildə çalışmaları
tövsiyə edib.
Eyni zamanda görüşdə Kollegiyanın rəqəmsallaşma və
elektron xidmətlərin genişləndirilməsi istiqamətində gördüyü işlərə də
toxunulub. Bu çərçivədə VK-nın rəsmi internet platformasında vəkil köməkçilərinin
reyestrinin istifadəyə verildiyi xatırladılıb. Bildirilib ki, reyestrin
yaradılmasında əsas məqsəd vəkil köməkçiləri haqqında məlumatların elektron
formada toplanması və sistemləşdirilməsi, məlumat bazasının formalaşdırılması,
habelə müvafiq məlumatların ictimaiyyət üçün əlçatanlığının təmin edilməsidir.
Sonda yeni vəkil köməkçilərinə müvafiq vəsiqələr təqdim olunub.










