100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib

06 November 2026    214 share share

2026-cı il noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirilib.

Kollegiyanın inzibati binasında təşkil edilən görüşdə sədr vəkil köməkçilərini salamlayaraq onların vəkillik fəaliyyəti sahəsində yeni mərhələyə qədəm qoymaları münasibətilə təbrik edib, qarşıdakı peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Anar Bağırov son illərdə vəkillik institutunun inkişafı, fəaliyyətinin təkmilləşdirilməsi, institusional potensialının gücləndirilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, hazırda Kollegiyanın sıralarında 350-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir və onların bilik və bacarıqlarının artırılması, peşəkar mühitə uyğunlaşması VK-nın diqqət mərkəzində saxlanılır.

Sədr hüquqi dövlətin möhkəmləndirilməsi, qanunun aliliyinin qorunması, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillik institutunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu istiqamətdə yalnız yüksək nəzəri biliklərə deyil, həm də praktiki təcrübəyə, məsuliyyət hissinə və peşə etikası prinsiplərinə yiyələnmiş hüquqşünasların formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Anar Bağırov vəkil köməkçisi fəaliyyətinin hüquqşünasların gələcək peşəkar karyerasında mühüm təcrübə mərhələsi olduğunu vurğulayıb. Qeyd edilib ki, bu müddət ərzində onların vəkilin gündəlik fəaliyyəti ilə yaxından tanış olmaq, hüquqi sənədlərin hazırlanmasında iştirak etmək, məhkəmə prosesləri və digər hüquqi prosedurlar barədə praktiki biliklər əldə etmək gənc mütəxəssislərin peşəkar formalaşmasına əhəmiyyətli töhfə verir.

Sədr vəkil köməkçilərinə müraciət edərək seçdikləri peşəyə məsuliyyətlə yanaşmağı, vəkillərin təcrübəsindən faydalanmağı, nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirməyi və gələcəkdə yüksək peşəkar keyfiyyətlərə malik vəkil kimi yetişmək üçün məqsədyönlü şəkildə çalışmaları tövsiyə edib.

Eyni zamanda görüşdə Kollegiyanın rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi istiqamətində gördüyü işlərə də toxunulub. Bu çərçivədə VK-nın rəsmi internet platformasında vəkil köməkçilərinin reyestrinin istifadəyə verildiyi xatırladılıb. Bildirilib ki, reyestrin yaradılmasında əsas məqsəd vəkil köməkçiləri haqqında məlumatların elektron formada toplanması və sistemləşdirilməsi, məlumat bazasının formalaşdırılması, habelə müvafiq məlumatların ictimaiyyət üçün əlçatanlığının təmin edilməsidir.

Sonda yeni vəkil köməkçilərinə müvafiq vəsiqələr təqdim olunub.