2026-cı
il noyabrın 23-də Şəki Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının üzvləri
ilə görüş keçirilib.
Görüşdə
Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, məhkəmənin hakimləri, Vəkillər
Kollegiyasının sədr müavini Şahmar Məmmədov və məhkəmənin ərazi
yurisdiksiyasında fəaliyyət göstərən 40-dan çox vəkil iştirak edib.
Tədbiri
giriş sözü ilə açan Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev
iştirakçıları salamlayaraq ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq
islahatlarının ədalət mühakiməsinin inkişafına mühüm töhfələr verdiyini
vurğulayıb. O, vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində
mühüm islahatların aparıldığını, bu çərçivədə regional apellyasiya və
ixtisaslaşdırılmış məhkəmələrin yaradıldığını bildirib.
Məhkəmə
sədri, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması məsələsinin Məhkəmə-Hüquq
Şurasının daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə davamlı tədbirlərin
həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Vəkillər
Kollegiyasının sədr müavini Şahmar Məmmədov iştirakçıları salamlayıb və görüşün
təşkilinə görə minnətdarlığını bildirərək, ölkəmizdə məhkəmə hakimiyyəti ilə VK
arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.
Sədr
müavini vurğulayıb ki, vəkillik təsisatının vətəndaşlara keyfiyyətli hüquqi
yardımın göstərilməsində və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında
oynadığı mühüm rol yüksək qiymətləndirilir. Vəkillər peşə fəaliyyətlərini
qanunun aliliyi, müstəqillik, insan hüquq və azadlıqlarının müdafiəsi, habelə şəffaflıq
kimi fundamental prinsipləri rəhbər tutaraq həyata keçirirlər.
Şahmar
Məmmədov tərəflər arasında əməkdaşlığın praktik nümunələrinə də toxunaraq
bildirib ki, son illərdə Ali Məhkəmə və Vəkillər Kollegiyasının rəhbərliyi,
hakimlər və vəkillərin iştirakı ilə Femida Dialoq Platformaları təşkil olunub,
məhkəmə, təcrübəsində rast gəlinən məsələlər ətrafında geniş müzakirələr, habelə
fikir mübadilələri aparılıb.
Daha
sonra tədbir qarşılıqlı müzakirələr və fikir mübadiləsi şəraitində davam edib.
Görüşdə
cinayət, mülki, kommersiya və inzibati işlər üzrə apellyasiya və kassasiya
şikayətlərinin verilməsi zamanı mümkünlük tələbləri ilə bağlı yol verilən
hallar, eləcə də ədalət mühakiməsinin həyata keçirilməsi prosesində hakimlər və
vəkillər arasında yaranan problemlər müzakirə olunub. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi
istiqamətində qarşılıqlı təkliflər irəli sürülüb, qanunvericiliyin tələbləri və
ayrı-ayrı konkret hallarla bağlı məsələlər diqqətə çatdırılıb.
Sonda
Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev və Vəkillər Kollegiyasının sədr
müavini Şahmar Məmmədov vəkillərin ədalət mühakiməsinin həyata keçirilməsində
mühüm rolunu vurğulayaraq məhkəmələrlə vəkillər arasında qarşılıqlı fəaliyyətin
düzgün qurulmasının vətəndaş məmnunluğuna, eləcə də məhkəmə hakimiyyətinin və vəkillik
təsisatının nüfuzuna təsir edən başlıca amillərdən biri olduğunu qeyd ediblər.
Vəkillərə
ədalət mühakiməsinin səmərəliliyinin artırılması, şəffaflığın və ədalət mühakiməsinə
əlçatanlığın təmin edilməsi istiqamətində fəal və səmərəli iştirak etmələri
tövsiyə olunub.



