100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Şəki Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib

24 November 2026    231 share share

2026-cı il noyabrın 23-də Şəki Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.

Görüşdə Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, məhkəmənin hakimləri, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və məhkəmənin ərazi yurisdiksiyasında fəaliyyət göstərən 40-dan çox vəkil iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev iştirakçıları salamlayaraq ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində mühüm islahatların aparıldığını, bu çərçivədə regional apellyasiya və ixtisaslaşdırılmış məhkəmələrin yaradıldığını bildirib.

Məhkəmə sədri, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması məsələsinin Məhkəmə-Hüquq Şurasının daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov iştirakçıları salamlayıb və görüşün təşkilinə görə minnətdarlığını bildirərək, ölkəmizdə məhkəmə hakimiyyəti ilə VK arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Sədr müavini vurğulayıb ki, vəkillik təsisatının vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsində və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında oynadığı mühüm rol yüksək qiymətləndirilir. Vəkillər peşə fəaliyyətlərini qanunun aliliyi, müstəqillik, insan hüquq və azadlıqlarının müdafiəsi, habelə şəffaflıq kimi fundamental prinsipləri rəhbər tutaraq həyata keçirirlər.

Şahmar Məmmədov tərəflər arasında əməkdaşlığın praktik nümunələrinə də toxunaraq bildirib ki, son illərdə Ali Məhkəmə və Vəkillər Kollegiyasının rəhbərliyi, hakimlər və vəkillərin iştirakı ilə Femida Dialoq Platformaları təşkil olunub, məhkəmə, təcrübəsində rast gəlinən məsələlər ətrafında geniş müzakirələr, habelə fikir mübadilələri aparılıb.

Daha sonra tədbir qarşılıqlı müzakirələr və fikir mübadiləsi şəraitində davam edib.

Görüşdə cinayət, mülki, kommersiya və inzibati işlər üzrə apellyasiya və kassasiya şikayətlərinin verilməsi zamanı mümkünlük tələbləri ilə bağlı yol verilən hallar, eləcə də ədalət mühakiməsinin həyata keçirilməsi prosesində hakimlər və vəkillər arasında yaranan problemlər müzakirə olunub. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində qarşılıqlı təkliflər irəli sürülüb, qanunvericiliyin tələbləri və ayrı-ayrı konkret hallarla bağlı məsələlər diqqətə çatdırılıb.

Sonda Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev və Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov vəkillərin ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolunu vurğulayaraq məhkəmələrlə vəkillər arasında qarşılıqlı fəaliyyətin düzgün qurulmasının vətəndaş məmnunluğuna, eləcə də məhkəmə hakimiyyətinin və vəkillik təsisatının nüfuzuna təsir edən başlıca amillərdən biri olduğunu qeyd ediblər.

Vəkillərə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, şəffaflığın və ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi istiqamətində fəal və səmərəli iştirak etmələri tövsiyə olunub.