Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ABŞ SƏFİRLİYİNİN RƏHBƏRLİYİ VƏKİLLƏR KOLLEGİYASINI ZİYARƏT ETMİŞDİR

19 fevral 2019    3435 share share

Bu gün ABŞ-nin ölkəmizdəki səfirliyinin rəhbəri - müvəqqəti işlər vəkili cənab Uilyam Gilin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətini rəsmi ziyarət etmişdir.

Yüksək səviyyəli qonağı salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilk öncə xoşməramlı ziyarətinə görə cənab Gilə öz təşəkkürünü bildirmişdir, daha sonra ötən dövrdə vəkilliyin inkişaf etdirilməsi üzrə görülmüş işlər, xüsusən vəkillərin sayının artırılması, onların müdafiəsi, peşəkarlığının yüksəldilməsi, Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyət və bu istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması barədə fikirlərini bölüşmüşdür. Eyni zamanda Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 22.02.2018-ci il tarixli Sərəncam və həmin Sərəncamın icrası çərçivəsində Kollegiya tərəfindən görülmüş işlər barəsində məlumat da vermişdir. Öz çıxışında Anar Bağırov ABŞ səfirliyinin rəsmisinin Kollegiyanı ziyarət etməsini ölkəmizdə vəkilliyin nüfuzunun artmasına verilmiş töhfə olaraq da qiymətləndirmişdir.

Daha sonra, cənab Gil yüksək qonaqpərvəliyə və səmimi fikir mübadiləsinə görə Vəkillər Kollegiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş, vəkilliyə qəbul imtahanlarında müşahidəçi qismində Səfirliyin nümayəndələrinin dəvət edilməsini təqdir etmiş, hüquqi problemləri ilə bağlı Səfirliyə müraciətin edən vətəndaşlara Kollegiyanın yardım etməsinin mümkünlüyü, habelə Səfirlik tərəfindən hazırda dəstək verilən hüquqi təşəbbüslər barədə fikirlərini səsləndirmişdir.

Sonra qonaqlarla xatirə fotosu çəkilmiş və onlar Kollegiyanın inzibati bina ilə tanış edilmişdir.

Qeyd olunmalıdır ki, görüşdə ABŞ səfriliyinin siyasi işlər üzrə müşaviri cənab Uilyam Solley, Vəkillər Kollegiyasının sədrinin müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Rəyasət Heyətinin aparatın rəhbəri Fərhad Nəcəfov iştirak etmişlər.