İyulun 4-5-i Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) 2018-ci ilin yekunları üzrə hesabat konfransı keçirilmişdir. Avropa Şurasına üzv 47 ölkədən 150-dən çox təmsilçinin iştirak etdiyi tədbirin əsas məqsədi hüquqşünasların təliminin insan hüquqları və demokratikləşməyə təsirinin əhəmiyyəti, HELP şəbəkəsinin gücləndirilməsi və planlaşdırılmasının zərurətindən ibarətdir.
Qeyd olunmalıdır ki, builki tədbir Avropa Şurasının yaranmasının 70 illiyi, İnsan Haqları üzrə Avropa Məhkəməsinin yaranmasının 60 illiyi çərçivəsində təşkil olunmuşdur.
Tədbirdə Azərbaycanın 2018-ci il üzrə HELP platformasının təbliği və təşviqi üzrə fəaliyyəti Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığı tərəfindən yaxşı nümunələrdən biri kimi qiymətləndirilmişdir. Hazırda ölkəmiz HELP platformasının təşviqi üzrə 47 Avropa Şurasına üzv ölkə arasında 10-cu yerdədir.
Tədbirdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığının rəhbəri Xristos Giakompoulos və İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Linos Aleksandr Sicilianos iştirak etmişlər.
Qeyd olunmalıdır ki, HELP Proqramının Azərbaycan üzrə əlaqələndirici şəxsləri Vəkillər Kollegiyasının Aparatının rəhbəri Fərhad Nəcəfov və hüquqşünas Zülfiqar Babayevdir.
Tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova və Vəkillər Kollegiyasının üzvü Babək Həmidov tərəfindən təmsil olunmuşdur.