Bugün Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillərinin Ümumi yığıncağı keçirilmişdir. Tədbirdə Kollegiyanın sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov da iştirak etmişdir.
Yığıncağı açılış nitqi ilə açan Anar Bağırov Kollegiyada son zamanlar həyata keçirilmiş mütərəqqi yeniliklər, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən, vəkil qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, qurumların maddi-texniki bazasının yaxşılaşdırılması üzrə görülən işlər barədə məlumat vermişdir.
Bundan başqa, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun cari fəaliyyəti, qarşılaşılan problemlər, onların həlli yolları, büronun işinin təkmilləşdirilməsi üçün görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə həmçinin, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun sabiq müdiri, mərhum vəkil Sərdar Qasımovun xatirəsi yad edilmiş, onun büronun fəaliyyəti üçün verdiyi töhfələrdən bəhs edilmişdir.
Daha sonra vəkil bürosunun rəhbərinin açıq seçkisi keçirilmiş, Ümumi Yığıncağın yekdilliklə qəbul etdiyi qərara əsasən, büronun vəkili Elçin Qəmbərov müdir seçilmişdir.
Vəkillər Kollegiyasının rəhbərliyi büronun yeni seçilmiş müdiri Elçin Qəmbərovu təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.