Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 6 avqust tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndinin əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Vəkillər Kollegiyasının üzvü, "Kəngərli və partnyorları" Vəkil Bürosunun vəkili, professor Mayis Əliyev tərəfindən 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmışdır.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.