Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat vermişdir.
İclasda həmçinin vəkil qurumlarının növbətçilik siyahıları təsdiq olunmuşdur.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içmişlər.
Bundan əlavə, iclasda Göyçay və Göygöl rayon Vəkil Büroları və “Mirzəyev və partnyorları” Vəkil Bürosunun təsis olunması ilə bağlı müraciətlərə baxılmış və müsbət qərar verilmişdir.
Eyni zamanda, iclasda “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Qaynar xətt”inə daxil olan şikayətlərə baxılması Qaydaları”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsis edilən nişanların Əsasnaməsi”nin təsdiq edilməsi, o cümlədən, “Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” və “Vəkil kabinetinin yaradılması” Qaydalarında dəyişiklik edilməsi barədə məsələlərə baxılmışdır.
İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.