Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkilliyə namizədlərin icbari təlimi başlamışdır

02 sentyabr 2019    1055

Ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Sentyabrın 2-də, Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 94 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılmışdır.

Təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaqdır.

Sentyabr ayının 2-də başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə açılış nitqi ilə çıxış edərək, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat vermiş və onlara uğurlar arzulamışdır.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışmış, o cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulamışdır.

Eyni zamanda bildirilmişdir ki, təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilmiş, namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulmuşdur.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilmiş, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılmışdır.