Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ RƏHBƏRLİYİ TÜRK-AV-IN BAŞ ASSAMBLEYASININ 3-CÜ ZİRVƏ TOPLANTISINDA İŞTİRAK ETMİŞDİR

17 sentyabr 2019    1670 Paylaş Paylaş

Sentyabrın 11-14-də Türkiyənin Ankara və Sivas şəhərlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin Baş Assambleyasının 3-cü zirvə toplantısı keçirilmişdir. Tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunmuşdur.

Toplantının açılış nitqi ilə çıxış edən Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Metin Feyzioğlu 2019-cu ilin Türkiyə üçün əlamətdar bir il olduğunu, birinci dünya müharibəsi sonunda ölkənin işğala qarşı mübarizəyə başlamasından 100 il keçdiyini, mübarizə zamanı Türk-Av üzvü olan bir çox ölkənin əvəzolunmaz köməkləri olduğunu, bu toplantının belə bir tarixə təsadüf etməsinin xüsusi əhəmiyyəti olmasını qeyd etmişdir.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türkiyə Vəkillər Kollegiyaları İttifaqının yaradılmasının 50-ci ildönümü münasibətilə Türkiyə vəkillərinin simasında İttifaqın sədri Metin Feyzioğlunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından təbrik etmiş, ona Türkiyə Vəkillər Kollegiyaları İttifaqının emblemini özündə əks etdirən qiymətli xalça təqdim etmişdir.
Toplantıda Özbəkistan Vəkillər Kollegiyası və Şərqi Azərbaycan (Təbriz) Vəkillər Kollegiyasının təşkilata üzv qəbul edilməsi məsələsinə baxıldı və müsbət qərar verilmiş, daha sonra toplantı cari məsələlərin müzakirəsi ilə davam etmişdir.

Toplantının ikinci hissəsində Sivas şəhərində Sivas Konqresinin 100 illiyinə həsr olunmuş “Qurtuluşdan Qurtuluşa, Sivas Konqresinin 100 illiyi” mövzusunda beynəlxalq hüquq qurultayı və simpozium keçirilmişdir.  

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türk-Av adından rəsmi çıxış edərək, simpozium iştirakçılarını Türk-Av və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından salamlamış, Sivas şəhərinin bütün türk millətləri üçün müqəddəs olduğunu, bu tədbirin məhz Sivasda keçirilməsinin əhəmiyyətini vurğulamış, vəkillik peşəsinin müstəqilliyi, onun nüfuzunun artırılmasının vacibliyini qeyd etmiş, o cümlədən, 2019-cu ilin Azərbaycan vəkilliyinin yaranmasının 100-cü ildönümü kimi qeyd edilməsi barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Bundan başqa, səfər zamanı Vəkillər Kollegiyasının nümayəndə heyətinin Türkiyənin Sivas şəhərinin valisi Salih Ayhanla görüşü baş tutmuşdur. Görüşün sonunda Sivas şəhərinin valisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qiymətli hədiyyə - şəhərin rəmzi olan qədim türklərin ədalət simvolu ikibaşlı qartal tablosu vermişdir.

Qeyd olunmalıdır ki, səfər çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Türkiyə Vəkillər Kollegiyaları İttifaqı arasında olan anlaşmaya sadiq qalaraq, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 101-ci ildönümü şərəfinə, Azərbaycan-Türkiyə vəkillərinin birliyininin rəmzi olaraq, Azərbaycanlı və Türkiyəli vəkillər bir-birlərinin vəkil mantiyalarını geyinmiş, həmçinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri və Türkiyə Vəkillər Kollegiyaları İttifaqı sədrinin köməkçisi Hüseyn Özbek birgə bəyanat yaymışlar.

Ölkəmizi Türkiyədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Vüqar Babayev, Vəkillərin İxtisas Komissiyasının üzvü Mehman Sultanovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.